İstanbulun Ayazağa bölgəsində yerləşən Vadi İstanbul Ticarət Mərkəzi (AVM), son dövrlərdə artan zorakılıq hadisələri ilə diqqət mərkəzinə çevrilib.
Qlobal.net milli.az-a istinadla xəbər verir ki, 46 yaşlı Aras Yılmaz, AVM-nin kafe bölümündə silahlı hücuma məruz qalaraq həyatını itirib.
Dünən gecə 34 MAV 269 dövlət nömrə nişanlı avtomobillə AVM-nin açıq kafe ərazisinə gələn Aras Yılmaz, kask taxan bir şəxs tərəfindən qarşısı kəsilib. Hücum edən şəxs avtomobilin ön şüşəsindən Yılmazın üzərinə 10 dəfə atəş açıb. Yılmaz 9 güllə yarası alaraq ağır yaralanıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası Yılmazı Şişli Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hücumdan sonra cinayətkar yoldan keçən bir motosikletçiyə silah tuşlayaraq motosikleti ələ keçirib. Daha sonra, Cendere Caddesi-də silahını hissələrə ayırıb yerə ataraq motosikletlə qaçmağa davam edib. Bir müddət sonra qəza törədən hücumçu qaçmağa çalışsa da, polis tərəfindən gizləndiyi evdə saxlanılıb.
Cinayətkarın 30 yaşlı və polisdə 30 fərqli cinayət tarixçəsi olan Mert A. olduğu müəyyən edilib.
Əvvəlki hadisələr:
22 noyabr 2024: AVM-nin önündə saxlanılan bir taksidə 70 kiloqram qızıl aşkar edilib. Şübhəli şəxs özünü diplomat kimi təqdim edib və Azərbaycan əsilli olduğunu iddia edib.
11 sentyabr 2022: AVM-dəki bir kafedə iki qrup arasında silahlı qarşıdurma baş verib. Çatışma nəticəsində 6 nəfər yaralanıb və həmin anlar təhlükəsizlik kameralarına əks olunub.
Araşdırmalar davam edir:
Aras Yılmazın cənazəsi Adli Tibb Qurumu morquna göndərilib. Polis hadisə ilə bağlı genişmiqyaslı araşdırmalarını davam etdirir.