Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Dövlət Xidmətindən XƏBƏRDARLIQ
Bəzən tikinti məqsədləri üçün ayrılmayan torpaq
sahəsində fərdi yaşayış evinin tikintisinə cəhd edilir. Bu halda inşa
edilən ev özbaşına tikinti sayılır və həmin fərdi yaşayış evinin
mülkiyyət hüququ verən çıxarışla təmin edilməsi mümkün olmur. Fərdi
yaşayış evinin tikintisi üçün torpaq sahəsi alarkən həmin torpaq sahəsi
üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan
keçib-keçməməsi müəyyən edilməlidir.
Qlobal.net xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Məlumatda
qeyd olunub ki, əgər torpaq sahəsi üzərində hüquqlar dövlət reyestrində
qeydiyyatdan keçməyibsə və hüquqlar daşınmaz əmlakın dövlət
reyestrindən çıxarışla rəsmiləşdirilməyibsə, həmin torpaq sahəsinin
notarial qaydada alqı-satqısı mümkün deyil: "Həmçinin, torpaq sahəsinin
yaşayış məntəqələrinin torpaqları kateqoriyasına və təyinatının isə
həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahələrinə aid
olub-olmaması aydınlaşdırılmalıdır".
"Vətəndaşlar
mülkiyyətində olan torpaq sahələrində fərdi yaşayış evinin tikintisinə
başlamamışdan öncə tikiləcək fərdi yaşayış evinin memarlıq-planlaşdırma
və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanmasını təmin
etməlidir. Qeyd edək ki, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş
planını yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və
layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq
(lisenziya) alan hüquqi və ya fiziki şəxslər həyata keçirə bilərlər", -
deyə qeyd olunub.
Şəhərsalma və Tikinti Məcəlləsinin
80-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində
olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən,
hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan
fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı
həyata keçirilir.
Dövlət Xidmətinin məlumatına görə,
müvafiq tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin
layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı
bölmələri, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə
hüququnu təsdiq edən sənədin surəti yerli icra hakimiyyəti orqanına
təqdim olunur.
10 gün müddətində layihəyə dair irad təqdim edilmədikdə, tikinti işlərinə başlanıla bilər.