66121c25acc84202404240805

Şeyx Əbdül OD PÜSKÜRDÜ: Televiziyalar əxlaqını, abrını gözləməyənləri kütləvi şəkildə təbliğ edir

"Bu gün efir bərbad vəziyyətdədir, bəzi ifaçılar çıxıb açıq-açıq verilişlərdə deyir ki, rəsmi nikaha ehtiyac yoxdur, əsas odur möhür ürəyə vurulsun".

Qlobal.net bildirir ki , bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. 

Efirlərdə tez-tez şəxsi həyatlarını gündəmə gətirən, gənclərə pis örnək olan məşhurlar barədə danışan kinorejissor onları qınaq atəşinə tutub: "Mən bu tip oxuyanların çoxunu heç tanımıram, bilmirəm onların təhsili, savadı var, ya yox. Amma böyük ehtimalla onların musiqi savadı yoxdur, çünki belələri inanmıram efirdə olsun. Efirlər sanki xalqın qəsdinə durub, harada savadsız, oxuya bilməyən, mədəniyyətsiz adamlar varsa, göstərirlər, adam baxanda iyrənir. Onlar pul qazanacaq deyə millətin əxlaqını məhv etməlidirlər?!

Çıxıb efirdə şəxsi həyatlarından, rəsmi nikahının olmamağından danışırlar. Əgər siz kəbinsiz, talaqsız murdar olub yaşamaq istəyirsinizsə, özünüz bilərsiniz. Milli-mənəvi dəyərlərimizə, qanunlarımıza zidd olan hər şey murdarlıq və zinakarlıqdır! Əgər siz bunu özünüzə rəva bilirsinizsə, gedin, kənarda bunu yaşayın, efirə çıxıb milyonlara bunu təbliğ etməyin!

Belə adamlar efirə çıxdıqca özünə bənzəyən bir neçə nəfər də dərhal tapılır və birləşib bunu təbliğ etməyə başlayırlar. "Çexotka" (vərəmli - red.) adam onun-bunun qabına tüpürür ki, digərləri də elə olsun.

Kimsə əxlaqını, namusunu, abır, ismətini gözləyə bilmirsə, televiziyalar bunu niyə kütləvi şəkildə təbliğ edirlər?! Necə yəni nikah boş şeydir? Əgər sən ailənin, dövlətin xeyir-duasını almırsansa, dünyaya gətirdiyin uşaqlar da bic olacaq. Belələrinə ayıb olsun!

Nə işlə məşğul olurlar, özləri bilər, Allah işlərini avand etsin, amma bunu hər kəsin önündə danışıb, xalqın adına bağlamasınlar".

Sənətçi bu problemin həll olunmasında telekanalların rolunun vacibliyindən danışıb: "Mən televiziya işçilərinə müraciət etməkdən bezdim, bəsdir də, ay uşaqlar, nə qədər olar axı?! Onlarda insaf, vicdan olmalıdır. Nə qədər lazımsız şeyləri təbliğ etmək olar, ayıbdır, vallah, ayıbdır. Axı bu xalq sənindir. Hamı televiziyaya müqəddəs məbədgah kimi baxır, gördükləri şüuraltına yeriyir, diqqətli olmaq lazımdır. 

Çıxıb efirdə lazımsız şeylər danışan müğənnilər bəzən deyir ki, "yeniyetmələr niyə bizdən tərbiyə götürür, getsin valideynlərindən götürsün". Bu nə düşüncədir axı? Deməli, sən özün o yolun yolçususan. Günah elə xalqdadır! Balalarının boğazından kəsib məclisə həmin müğənniləri çağırırlar. Ətək-ətək belələrinə pul tökəndə sabah o da çıxıb efirdə bu cür danışacaq da. Niyə televiziyalar, xalq onları boykot etmək əvəzinə, əksinə reklam edir? Onlar millətin əxlaqı, mənəviyyatı ilə oynayırlar. Artıq efirlərdə bir-biri ilə evlənən qızları, oğlanları göstərirlər. Biz hara gedirik?!"

07.04.2024 08:03
show 293