Sənədsiz evlərlə bağlı Azərbaycan əhalisinə yeni xəbər - VİDEO
Rəsmi
məlumatlara görə, Bakı və ətraf ərazilərdə 500 mindən çox sənədsiz ev
var. Bir müddət əvvəl səndəsiz evlərə çıxarışların verilməsi üçün işlərə
başlansa da, problem hələ də tam həll olunmayıb.
Qonşu ölkə Gürcüstanda artıq sənədsiz fərdi yaşayış evləri ilə
bağlı tikinti amnistiyası qüvvəyə minib. Qərar fiziki şəxsə məxsus
torpaq sahəsində yerləşən, qanunsuz fərdi tikililərə şamil ediləcək.
Tikinti amnistiyası bir milyondan çox insanı əhatə edəcək. Bəs, bu
təcrübəni Azərbaycanda da tətbiq etmək mümkündürmü?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, səndəsiz
evlərin olduğu əksər ərazilərdə lazımi infrastruktur qurulduğu üçün
sözügedən təcrübədən yararlanmaq olar. Çünki bu həm vətəndaşa, həm də
dövlətə sərf edir.
Ekspert bildirib ki, ötən il 50 minə yaxın sənədsiz qeyri-yaşayış
obyektinə çıxarışların verilməsinə başlanıb. Onun sözlərinə görə, fərdi
yaşayış evləri də bu prosesdən kənarda qalmamalıdır. Çünki sənədsiz
evlərə çıxarış verilmədiyinə görə vətəndaşlar qeydiyyatsız yaşamaq
məcburiyyətində qalırlar. Bu da onlara müəyyən problemlər yaradır.
Ekspert əlavə edib ki, tikinti amnistiyası sayəsində qanunsuz tikililərlə bağlı çətinlikləri də aradan qaldırmaq olar.