"İnsan var ki, yanıqlı qalıb. Onu başa düşmək lazımdır. Belə şeylər olur... Həyat yoldaşımın köhnə məşuqəsinin sözünü danışmaq istəmirəm".
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni
Nazənin Salayeva qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.
Sənətçi uzun zamandan bəri düşmən kəsildiyi həmkarı Təranə Qumralın
"Ağzımı, gözümü dartdırıb yuxarı başa qoymuram. Get, çəp gözünlə yaxşı
bax mənə. Gözlərin zəif görür" sözlərinə sərt şəkildə cavab verib: "Həmin qadın çıxıb deyir ki, səni bir dəfə mıxlamışam. O məni...
Tamaşaçıların yadına salmaq istəyirəm ki, həmin o qadın verilişlərin
birində atmışdı özünü yerə, gözünə həcmli eynək taxıb, bütün qurumlara
müraciət edib deyirdi ki, Nazənin məni həbs etdirmək istəyir, xilas edin
məni. Özünə güclü deyən xanım verilişlərə çıxıb, özünü yerə çırpar?
Deyəsən onun o günlər yadından çıxıb. Bu tamaşaçıların yadındadır.
"YouTube"dan, saytlardan sildirməklə deyil. Əgər onun yaddaşı zəifdirsə
mən yadına sala bilərəm. Danışdıqca batacaqsan! O dərəcəyə çatdırmaq
istəmirəm ki, özümə də ayıb bilirəm ki, bəzi məsələlərin üstünü açım.
Özünü ağıllı göstərib, zeyni dərəcəsi aşağı olan insanlar ki var, Allah
belə insanları heç kimlə qarşılaşdırmasın.
Bu gün reklam və efirlərə çıxmaq xətrinə nə gəldi uydururlar. Birini
infarkt edirlər (Təranə Qumralın həyat yoldaşı Musa Musayevin infarkt
keçirdiyini nəzərdə tutur - red.). And olsun Allaha ki, heç belə şeylər
yoxdur. Bilin ki, bunlar hamısı reklama görədir. İnsanları bu yaşda,
saç-qaş ağarıb, aldatmaq olmaz.
Jurnalistlərə yalvarırdı ki, bəs bu açıqlamaları yaymayın. Mənim öz
həyat yoldaşımın açıqlamaları vardı. Çünki bir insan çıxa şər və böhtan
ata, onun qarşılığında məhkəməyə verdim. Bu insan verilişlərin birində
prodüserim Pərvizlə mübahisəsi düşdü. Sonra həyat yoldaşını göndərdi
Pərvizin üstünə. O da onun cavabını verdi. Sonra bir dəstə insan
toplayıb Pərvizin üzünə durdurdu".
Qeyd edək ki, Nazənin Salayeva ilə Təranə Qumral arasında qalmaqal 9 il
bundan əvvəl keçmiş "ANS" telekanalının "Bazar səhəri" verilişində
yaranmışdı. Müğənni Təranə Qumral həmkarı haqqında "Nazənin 7 dəfə ərdə
olub" deməsinin ardınca qarşı tərəf "Təranəni ərimlə tutmuşam" kimi şok
açıqlamalar vermişdi. Bundan sonra müğənni Nazənin özü və əri haqqında
səslənən təhqir və ittihamlara görə qarşı tərəfi məhkəməyə vermişdi.
Məhkəmə Təranə Qumralın həmkarı haqqında dediyi sözlərin böhtan və yalan
olduğunu sübuta yetirərək, onun şərəf və ləyaqətini alçaltdığına görə
10 min manat təzminat cəzası və efirdə qarşı tərəfdən üzr istəməsi
barədə qərar qəbul etmişdi.
Bundan narazı qalan Təranə Qumral Apellyasiya Məhkəməsinə şikayət etmiş,
məhkəmə təzminat cəzasını 3 min manata endirmişdi. Bundan da narazı
qalan müğənni Ali Məhkəməyə şikayət ərizəsi vermişdi. Müğənnilər uzun
illərdir ki, düşmən mövqeyindədirlər.