655c5fa18d5bb202311234329
"Bəzi qadın müğənnilər arxasını yığdırır, dodağını başı boyda etdirir" - Manaf Ağayevlə MÜSAHİBƏ

Lent.az-ın müsahibi müğənni Manaf Ağayevdir

- Manaf bəy, haqqınızda həmişə yaxşı dost, sözübütöv oğlan kəlməsini eşidirik. Bununla belə, xoş olmayan fikirlər yayanlar da az deyil. Sizcə paxıllığınız çəkənlər var?

- Var da sözdür? Paxıllığımı çəkən çoxdur. Hamı bilir yaxşı oğlanam, yaxşı kişiyəm, yaxşı dostam, yaxşı ailə başçısıyam və bu danılmazdır, paxıllıq edirlər. Həzm edə bilməyənlər var. Yoxsa kimə nə pislik etmişəm? Bizim camiədə belədir, yoxsa camaat məni çox sevir. Bu yaxınlarda video yayıldı, toyda bir kişi mənə “sən oxuyan deyilsən, sən kişisən” demişdi. İlk dəfə məni görürdü. Efirlərə, saytlara fərqli verdilər. Bakı balaca şəhərdir, hamı hamının haqqında nə istəyirsə o məlumatı toplaya bilir. Çəkə bilməyənin fitrəti elədi, onu doğan arvad elə doğub. Kişilik məşq eləməklə əldə olunmur. Gərək qanında, canında, əmdiyin südündə ola. Adam tanıyıram ki, pulu yoxdur, ədasından yanından keçmək olmur. Kişi də var kasıbdır, amma mərddir. Adamlıq pulla olmur. Adam var ona nələr yaxşılıq eləmişəm. Amma yenə mənə qarşı pisliyindən qalmır. Adam da var, bir stəkan çayımı içməyib, elə 20 ildir xətrimi istəyir. Nankorum çoxdur, yəqin əlimin duzu yoxdur. 

- Dilinizdə ən çox işlənən kəlmə dost sözüdür. Necə bir dostluq edirsiniz ki, hamı onu deyir, elə özünüz də.

- Bunu iddia edirəm. Heç kim deyə bilməz ki, Manaf kimi dost ola bilərəm, heç kim dostluqda mənə çata bilməz. Mən adamın dar günündə sübut edirəm ki, dostuyam. Yaxşı günündə elə də axtarmıram. Bilirəm ki yaxşıdır. Fədayə Laçın həbs olunanda heç kim axtarmadı onu. Həbs olunduğu maddə ağır maddə idi. Ağır cinayət törətmişdi. Ona heç kömək eləmək də düzgün sayılmırdı. Mənim ona qədər Fədayə ilə elə bir dostluğum da yox idi. Məclislərdə üz-üzə gələndə salamlaşardıq sadəcə. Mən ondan ötrü özümü odun-alovun içinə atdım. Fədayə çıxandan sonra bir məclisdə mikrofonu əlinə alıb dedi ki, Manaf mənim dostum imiş bilməmişəm. Rəşad Dağlı həbs olunanda  ən birinci görüşünə gedən mən oldum.

- Haqsızlıq edib tutulsa da, dalınca gedirsiniz?

- Baxır nə üstə. O telefon oğurluğu, zalımlıq edib adam öldürüb tutulubsa ,mən niyə onun dalınca düşməliyəm? Amma namus cinayəti üstündədirsə axtararam. 

- Zay əməlinə görə silib atdığınız dostlarınız var?

- Niyə yoxdur? Mən tutulanda, tutulanda demək bir az yekə çıxır, baxdım  gördüm ki, dost bildiklərimin çoxu adicə şəklimi qoyub pylaşmağa, bir kəlmə “keçmiş olsun” yazmağa qorxdular. Mən dövlətə xəyanət eləməmişdim ki. Bir xəta idi, ona da 15 sutkalıq həbs verildi. Məni axı sürgün də eləsələr, gəlib sənin ailənə dəstək olardım. Bir şəkil qoyub, bir status yazmağa ürkdün?

- Bu sınaqdan üzü ağ çıxan kim oldu?

- Ədalət Şükürov yanıma da gəldi, evimə də gəldi. Sənətdən kənar dostlarım çox var, onları nəzərdə tutmuram, öz camiəmizdən qorxanlar çox oldu. Həmişə onları qorumuşam. Amma gördüm ki, səhv eləmişəm. Sonra fikirləşdim ki, niyə özümü öldürürəm, onların limiti bura qədərdir, bura qədər dostluq edə bilirlər. Mən də hamını özüm kimi görmək istəyirəm. Axı hamı mən ola bilməz. Mən içəridə olanda Orxan Lökbatanlı elə səhəri gün trend olan bir meyxana demişdi. Dost bildiklərim, qoruduqlarım bunu eləmədilər. Mən pul istəmirəm, mal istəmirəm, ailəmə yaxınlaşıb bir kəlmə xoş söz də deyə bilmirdilər? Bəs 15 il alsam, nə edərdilər?

- Müğənnilər adətən özləri özlərini iki yerə bölürlər. Toy müğənniləri və yüksək sənət nümayiş etdirənlər. Bu bölgü sizi narahat edir?

- Yox. Həmişə demişəm ki, mən əsl toy müğənnisiyəm. Kim nə iş görür görsün, mən toyxana üçün yaranmışam, səhnə istəmirəm, dünya turu istəmirəm. Özünü əsl sənətdə hesab edənlər də gəlib toy oxuyurlar. Guya bizim sənətdən kim gedib Avropaya çıxa bilir? Bir vaxtlar Zeynəb Xanlarova idi, Müslim Maqomayev idi, onda da dövr başqa idi. Qoy onda özünü böyük sənətkar adlandıranlar da toya getməsinlər. Xaricə konsertə gedirəm deyənlərin çoxu elə toy oxumağa gedir.

- Sənət yoldaşlarınızı evə buraxırsınız?

- Evə hər adamı buraxmazlar. Dostlarımı bağıma dəvət edirəm. Ailəvi gediş-gəlişim olan tanınmışlar Vasif Məhərəmmli, Ədalət Şükürovdu. Nüşabə Ələsgərli evimin içidi, kirvəyik. Hər insanı evə gətirmək olmaz. O əvvəllər olub. Ona görə yox ki, qısqanıram. Ailəmi, balalarımı yaxşı tanıyıram, ailəmdən arxayın olduğum üçün böyük-böyük danışıram. Kişini kişi eləyən onun ailəsidir.

- Əminəm ki, yüksək vəzifələrdə olan dostlarınız da var. Siz daha çox istifadə edirsiniz, yoxsa sizdən daha çox istifadə edirlər?

- Mənim bir dostum durub deyə bilməz ki, Manaf məndən bir xahiş edib. Vəzifəsi olanlara ancaq bayramlarda zəng edib təbrik edirəm. Ayrı vaxt düşünürəm ki, zəng eləsəm ağıllarından nəsə keçər, özümə yaltaqlanmaq kimi gəlir bu. Acından ölərəm, bir nəfərdən 1 manat istəmərəm. Sadəcə kişi kimi dostluq edirəm. Dost dosta edər, bu ayrı məsələ. Amma ehtiyacım yoxdur. Rəhmətə gedən dostlarımı unutmuram, gedib kənd-kənd gəzib məzarlarına baş çəkirəm.- Uşaqlarınızın hansısa işinin alınması üçün ağız açmamısınız?

- Yox. Böyük oğlum dövlət işindədir, kiçik oğlum öz işini qurub, qızım da elə. Üçü də 2 ali məktəb bitiriblər, qırmızı diplomlarla. Çox zaman heç mənim övladım olduqlarını demirlər ətrafdakılara. Özüm oxuyan olmamışam, yoldaşım məşğul olub onlarla.

 - Əlavə biznesiniz var?

- Yox. Vallah heç nəyim yoxdur. Bacı-qardaş, ailə üstümdə. Əvvəllər Rusiya toylarına çox gedirdik, günüm göydə, təyyarədə keçirdi. İndi azalıb o da. Ukraynada müharibə başlaması pis təsir etdi. Oxuyanlar da çoxalıb.

- Bu günkü Manaf olmaq üçün daha çox pul xərcləmisiniz, yoxsa zəhmət çəkmisiniz?

- Zəhmət, sonra da pul. Mən ona görə bu gün işimdən zövq qalıram. Bir qıza sponsorluq eləyirlər, 2 günə populyarlaşır. 1976-cı ildən pillə-pillə gəlmişəm. Bu il 60 yaşım olacaq. 40 ildir bu yolda zəhmət çəkirəm. 
Efirə çıxmaq üçün kaset çıxartdırmaq lazım idi. Faizə pul götürüb kaset yazdırırdım. 12 mahnı olmalı idi kasetdə. Yarısının pulunu verirdim, yarısını da deyirdim işləyib verəcəm, aranjemanı nisyə etdirirdim. Qəpik-qəpik yığa-yığa kaset buraxdırırdım. Çətin günlər idi, qaçqınçılıq başlamışdı, ailənin yükü üstümdə, yataqxanada qalırdıq. Bir kaset 10 min manata başa gəlirdi. 200-300 manata toya gedirdim. Gərək bir kasetin pulunu ödəmək üçün bir il toya gedəydim. Allah mənə hər şeyi verdi, bir şeyi vermədi. Xainlik, paxıllıq nədir, onu bilmədim. Allaha and olsun, heç kimə paxıllıq etmədim. Kiminsə uğuruna sevinməmək Allahın işinə qarışmaqdı. Bəzən otururuq məclisdə. Biri deyir ki, Allah hamının ürəyinə görə versin. İçini qurd basıb, şərəfsizin biridir. A kişi sənin ürəyin var? Onda gərək Allah heç nə verməyə sənə. Allah mənim ürəyimə görə çox az verib. Heç bir müğənni mənim qədər Qarabağ üçün, şəhid, qazi, az təminatlı ailələr üçün etdiyim  yardımları etməyib. 5-10 manat yox, TIR dolu yardım göndərmişəm. Havadan danışmıram, hamısının videoyazısı durur.
Yorulmuşam daha. İndi  eşidən bilən hamı üstümə gəlir, arada fırıldaqçılar da çox olur.  Daha o dərəcədə etmirəm, vəziyyət əvvəlki kimi deyil. Ən azından adım qalıb. Məni müğənnidən çox yaxşı oğlan kimi xatırlayacaqlar. Bu mənə bəsdi. Bəzən əsəbiləşib efirdə nəsə deyirəm, amma yandığımdan deyirəm. Manafın bu yaxşı işindən yaz da, niyə elə pis şeylər yazmalısan? Təriflə demirəm, olanı yaz. Yoxsa yazırlar Manaf öldü, Manaf qəzaya düşdü, Manafı döydülər. Vaxtım yoxdu ki, verim məhkəməyə. Reytinq xətrinə  məni niyə gözdən salmağa çalışırlar? 

-  60 yaş deyirsiniz, amma heç o yaşı göstərmirsiniz. Estetik əməliyyatınız var? Ümumiyyətlə kişilərin plastik əməliyyat etdirməsinə necə baxırsınız?

-  Saçımı rəngləmişəm, üzümdə heç nə etdirməmişəm. Estetik əməliyyata pis baxmıram, səhnə adamı özünə fikir verməlidir. Necə olur diş töküləndə diş düzəltdiririk, burun əyridirsə kəsdirmək ayıb olur? Ehtiyac varsa etdirsinlər. Daha bizim o bəzi qadın müğənnilər kimi yox da. Arxasını yığdırır, dodağını başı boyda etdirir. 

-  Geyimləriniz hamıdan fərqlənir.

-  Geyimlərimə həmişə xüsusi fikir verirəm. Məndə olan paltardan heç kimdə olmamalıdır. Xüsusi kostyumlar hazırladıram. Hətta əsgərlikdə olanda da paltarlarım başqalarından fərqlənirdi. Yaxşı geyinməyi sevirəm. Bir də antikvar maşınları. 2 dənə antikvar maşınım var. Türkiyədə xüsusi butiklər var ki, mənim üçün geyimlər hazırlayırlar. Geyimlərin üzərində yalnız mənə məxsus olan emblemlər, naxışlar vurulur. Xüsusi fabriklər var ki, onlardan yalnız mənə məxsus geyimlər alıram. Ancaq mənim üçün buraxılır, üstünə adım yazılır.

- Fabrik yalnız sizə tikir?

 - Orda adamlar var, xahiş edirəm ki, məsələn bu, bu geyimin filan hissəsinə bu naxışı vur, filan yerini belə tik. Yaxşı parçalar gələndə özləri xəbər edirlər, sifariş verirəm, tikirlər. Onlar üçün də bu reklamdır ki, Manaf onlardan geyinir. Həm xaricə gedib seçib alıram. Mənim geyimim fərqlənməlidir.

- Belə geyinmək sizin “aləmin” tələbidir?

-  Məcbursan. Sənətkarsansa seçilməlisən. Demirəm 8 minə kostyum geyinirəm. Bəzən qəpik- quruşa alıram.

-  Qəpik quruş dediyiniz neçədir?

-  Məsələn 50 dollara da köynək geyinirəm. Əsas bahalı olması deyil, əsas onun zövqlə seçilməsi, başqa geyimlərlə, aksessuarlarla uyğunlaşdırılmasıdır. Bir də geyinib ortaya çıxmağı bacarmaqdır. Bunu yaxşı bacarıram.  

21.11.2023 11:41
show 9442