Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran kəşfiyyatının nəzarəti altında yaradılmış və Azərbaycana qarşı ayaqlandırılan qanunsuz silahlı birləşməni ifşa edib. DTX-nin şəbəkənin ifşası ilə bağlı yaydığı məlumatda və videoda İranın Azərbaycandakı səfirliyinin avtomobili ilə şüarlar paylandığı, səfirlik işçilərinin də bu prosesdə bilavasitə iştirak etdiyi qeyd olunub.
Maraqlıdır, belə olduğu halda həmin səfirlik əməkdaşlarını hansı cəza gözləyir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Mehman Muradlı İran səfirliyinin həmin əməkdaşlarının Azərbaycandan çıxarılacağını deyib:
"Səfirlik işçiləri diplomatik korpusun əməkdaşları olduğu üçün 24 saat ərzində persona non-qrant elan olunaraq ölkədən çıxarılmalıdır. Yəqin ki, məsələ bu formada da həllini tapacaq. Bu məsələlər beynəlxalq konvensiyalarla tənzimlənir. Bu, faktiki olaraq Azərbaycanla İran arasında diplomatik münasibətlərin kəskinləşməsinə gətirib çıxaran hadisədir. DTX-nın keçirdiyi əməliyyatlar bir, yaxud iki gün içərisində həyata keçirilən əməliyyatlar deyil. Yəni onlar aylarla, bəzən illərlərlə araşdırma aparır, sübutlar tam toplandıqdan sonra yekun qərar verərək əməliyyat keçirirlər. Ona görə də bu qurumun sübutları həmişə yetərincə əsaslı olur. DTX-nın sübutları qarşısına hansısa faktı çıxarmaq mümkün deyil".
Müsahibimiz İranı Azərbaycanda təmsil edən səfir Seyid Abbas Musəvinin də ölkədən çıxarılacağını proqnozlaşdırdığını deyib.