668363215f42a202407241705
Hərbi xidmətdən “neqodnı” adı ilə yayınanlarla bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Ötən il Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı olduqca vacib fərman imzaladı. Yeni qaydalar bir neçə gün öncə - iyulun 1-də qüvvəyə mindi. Belə ki, bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni iyulun 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirir.

Ötən günlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Ramin Rzayevin verdiyi açıqlama diqqət çəkib. Belə ki, o, 35 yaşı tamam olmamış və əvvəlki illərdə barələrində yararsız qərar qəbul edilmiş, lakin möhlət hüququ bitən vətəndaşların müayinəsinin də təkrar hərbi həkim komissiyası tərəfindən həyata keçiriləcəyini bildirib.

Deməli, məlum olur ki, əvvəlki illərdə qeyri-qanuni şəkildə hərbi xidmətdən yayınanlar, yəni “neqodnu”lar təkrar hərbi həkim komissiyası tərəfindən müayinədən keçiriləcək. 

Maraqlıdır, həmin şəxslərin hərbi xidmətə yararlılığı təsdiq olunarsa, onlar yenidən hərbi xidmətə çağrılacaq?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov News24.az-a bildirib ki, əvvəllər yararsız olanlar da müayinə üçün agentliyə göndəriləcəklər:

“Yeni prosedur qaydalarına əsasən, çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həkim komissiyasından keçərkən yararsız hesab olunduqda, habelə təkrar müayinəyə gələnlərlə bağlı qərar vermək üçün alt sistem vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tərkibində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönəldiləcək. Agentliyin rəyindən sonra Dövlət Xidməti tərəfindən yekun qərar veriləcək.”

Dövlət xidmətinin rəsmisi bildirib ki, əvvəllər yararsız olanlar da müayinə üçün agentliyə göndəriləcəklər. 

“35 yaşı tamam olmayan və əvvəlki illərdə hərbi xidmətə yararsız olmaları barədə qərar qəbul edilən və möhlət hüququ bitən vətəndaşlar üzrə yekun qərar verilməsi üçün də alt sistem vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tərkibində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönəldiləcəklər. Müayinənin nəticələrindən asılı olaraq qərar qəbul ediləcək və əgər vətəndaşın yararlı olması təsdiq edilərsə, həqiqi hərbi xidmətə göndəriləcək.”

05.07.2024 07:51
show 30562