Səddam Hüseynə son sözünü deməyə niyə icazə verilməmişdi – O, hansı sirri açacaqdı?

Səddam Hüseynə son sözünü deməyə niyə icazə verilməmişdi – O, hansı sirri açacaqdı?

Vaxtilə Yaxın Şərq üzrə görkəmli mütəxəssislərdən biri, RF XİN-in sabiq başçısı mərhum Yevgeni Primakovun keçmiş İraq Prezidenti Səddam Hüseyn haqda maraqlı fikirləri gündəm olmuşdu.

Qlobal.net bildirir ki, Primakov Səddamın tələm-tələsik edam edilməsi ilə bağlı sensasiyalı versiya irəli sürmüşdür. Onun sözlərinə görə, ABŞ Hüseynlə uzun müddət “ikili oyun oynayaraq”, onu İrana qarşı müharibədə dəstəkləmiş və rejimin ölkə daxilindəki zorakılıqlarına göz yummuşdur. Vəziyyət dəyişdikdə isə o, sadəcə olaraq, başqa istiqamət götürmüşdür. Səddamı son sözünü deməyə qoymayaraq edam etdilər, çünki qorxurdular ki, ABŞ-ın sirlərini açıb tökər.

İraqda müharibənin başlanmasına bir neçə gün qalmış Primakov Prezident Vladimir Putinin məktubunu Bağdada gətirmişdi. Məktubda o, Səddamı könüllü olaraq istefa verməyə çağırırdı. Səddam isə bundan imtina etmişdi. İraq lideri salonu tərk edərkən onun yaxın silahdaşı Tarik Əzizin söylədiyi bu müəmmalı sözlər Primakovun hafizəsinə həkk olunmuşdur: “Bir 10 il də yaşayaq, onda siz görərsiniz ki, kim haqlı idi – bizim dahi prezidentimiz, yoxsa siz”. Primakov demişdir: “Onda mən buna əhəmiyyət vermədim. Amma indi düşünürəm ki, o, bəlkə də, hələ inanırdı ki, Səddamı saxlayacaqlar və o, daha 10 ildən sonra da İraqda hansısa bir rol oynayacaqdır”.

Primakovun ehtimalına görə, bu inamı Səddama amerikalıların özləri təlqin edirdilər. Onun fikrincə, Amerika Hüseynlə 1979-cu ildə hiyləgər oyun aparırdı. Qonşu İranda İslam inqilabı baş verəndə, yeni hakimiyyət Amerikanı başlıca düşmən elan etdikdə və Tehranda ABŞ səfirliyi ələ keçirildikdə Vaşinqtona regionda təcili surətdə müttəfiq gərək oldu. Bu müttəfiq Səddam başda olmaqla İraq oldu və o, İranla müharibəyə başladı.

Müharibədə ABŞ Səddama əməlli-başlı kömək edirdi. Primakov deyir: “Səddama nəinki təkcə silah, həm İran qoşunlarının mövqeləri barədə məlumatlar və s. verirdilər. O, hər şey alırdı. Ona Mərkəzi Kəşfiyyat İdarəsi də məlumatlar verirdi”. İraqa Pentaqonun sabiq başçısı Donald Ramsfeld də gəlib-gedirdi. Həmin dövrdə Birləşmiş Ştatları Yaxın Şərqdə Ramsfeld təmsil edirdi və o, Səddamın əlini sıxmağı özünə ayıb bilmirdi.

Rusiyalı mütəxəssis vurğulayır: “Nəticədə Səddamda belə bir mentalitet yarandı ki, onu bəzən bir az suya basa bilərlər, amma heç zaman tamam boğmazlar. Ata Buş Küveytdə onun ordusunun külünü göyə sovuraraq, Bağdada qoşun yeridib rejimi devirmədikdə Səddam haqlı olduğunu bir daha yəqin etdi”.

Primakovun fikrincə, Səddamın son anadək beyninə yeridirdilər ki, onun həyatını qoruyub saxlayacaqlar: ona hərbi əsir statusu verdilər, hərbi əsirləri isə edam etmirlər, apelyasiya verməyə inandırdılar, halbuki o, məhkəməni tanımırdı, yeni proses açdılar – artıq kürdlərə qarşı kimyəvi silah işlətmək işi haqqında. “Lakin Səddam həmin işi gözləmədiyi bir vaxtda onu gecə yuxudan oyadır, geyindirir və aparıb asırlar. Mənə elə gəlir ki, bütün bunlar ona son sözünü deməyə imkan verməmək üçün edilmişdir. O, son sözünü deyib, bütün bu oyunu göstərərdi. İnanın ki, əgər Səddam bütün bunları açıb töksəydi, Birləşmiş Ştatların o vaxtkı prezidenti dövlət başçısı kürsüsündə özünü çox narahat hiss edərdi”.

Buna demokrat konqresmenlər də işarə vururlar. Demokratlar Partiyasından Konqresin üzvü Dennis Kusiniç demişdir: “Başlıca məsələ belədir: bu cür tələm-tələsik edam ABŞ hökumətində işləmiş olan və işləyən adamların Səddam öz cinayətlərini törətdiyi vaxtlarda onunla əlaqələrini dərindən araşdırmaq cəhdindən qaçmaq demək deyilmi? Belə təhqiqatı aparmaq zəruridir”.

ABŞ-da iddia edirdilər ki, İraqdan kütləvi qırğın silahını Primakov aparmışdır. ABŞ-ın da Primakova iddiaları var. Məsələn, ABŞ müdafiə nazirinin sabiq müavini general Con Şou keçən ilin əvvəllərində bildirmişdir ki, Səddam Hüseyn rejiminin devrilməsi ərəfəsində Rusiyanın xüsusi orqanları İraqdan kütləvi qırğın silahını gizlicə aparmışlar. Generalın sözlərinə görə, bu əməliyyatda Rusiya Ticarət-Sənaye Palatasının indiki başçısı Yevgeni Primakov fəal iştirak etmişdir, Səddamın gizli silahının yoxa çıxmasında “Rusiya izini” aşkarlamaqda isə ABŞ-ın xüsusi orqanlarına Britaniya və Ukrayna kəşfiyyatçıları və diplomatları kömək göstərmişlər.

Related Articles

Bir cavab yazın

Back to top button