65fc3c5749fad202403245535
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi - FOTO

Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan

Hardasan həyatım, varmısan, varmısan, yoxmusan?

Mən səni izlədim, günah tək gizlədim, gizlədim...

Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim...

Əlvida o günlər, ulduzlu gecələr əlvida,

Ömrümdə nə qaldı, nə qaldı vəfasız dünyadan?

Anarın "Təhminə və Zaur" filmi üçün yazdığı əlvida sözlərini onun kimi notlara köçürən, içdən ifa edən elə yenə də onun özüdür. Əlvidanı iliyimizə kimi hopduran, sevdirən, bizi həm də əlvidalara alışdıran Rafiq Babayev bəstəsi, Rafiq Babayev ifası...

Qlobal.net publika.az-a istinadən Xalq artisti, bəstəkar Rafiq Babayevi yad edir.

Rafiq Babayev musiqiləri bir başqa aləmdir. Səni səndən alıb çox uzaqlara aparan, səni səninlə baş-başa qalmağa sövq edən, ruhuna, duyğularına, hislərinə təpədən dırnağa kimi hakim kəsilən əsrarəngiz, möcüzəvi notlar. Bu, hər musiqiçinin işi deyil. Hər bəstəkarın qazana biləcəyi uğur da deyil. Onun musiqilərində bir az keçmişini, bir az bu gününü hiss edirsən. Uşaqlığın, qayğısız illərin, ananın tellərinə zərif sığalı, gəncliyin, ilk sevgin, acılı-şirinli günlərin, nələr keçmir ki xatirindən. Bir az da gələcəyinin xəyalını qurursan. O notlar insanı çox uzaqlara aparır.

Deyirlər musiqinin dili yoxdur. Onu duyub, hiss etmək yetərlidir ki, sehrinə düşə biləsən. Rafiq Babayev insanı öz sehirli dünyasına qonaq etməyi yaxşı bacarırdı. Mürəkkəb, fərqli keçidlər, möhtəşəm improvizələr onun caz musiqisinin özəlliyi idi. Bəstələdiyi musiqiləri öz həyatına da sirayət etmişdi.

Milli cazın korifeylərindən biri olan Rafiq Babayev 1936-cı il martın 31-də Bakıda Fərzi və Şahbəyim Babayevlərin çoxuşaqlı ailəsində dünyaya gəlib. Valideynlərinin peşəkar musiqiyə bağlılığı olmasa da, uşaqların hamısı musiqiyə meyilli idi.

Babayevlər ailəsində musiqiyə olan bu sevginin, marağın olmasını Vəsilə xanım xatirələrində belə dilə gətirir:

"Bu, görkəmli bəstəkar Müslüm Maqomayevin xidmətidir. Babamız Məhəmməd ağa onunla dostluq edir, tez-tez bir-birinə qonaq gedərdilər. Maqomayev Lənkəranda müəllim işləyəndə musiqi axşamları təşkil edər, anam da orada səslənən musiqiyə həvəslə qulaq asarmış. Onun musiqiyə olan bu sevgisi bizə də keçmişdi".

1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq Babayev ilk caz kvartetini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitirərək, A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığı üzərində dayanmadan çalışırdı.

Musiqi məktəbinin buraxılış imtahanında klassik musiqidən əlavə amerikalı caz pianist Bill Evansın kompozisiyasını da ifa edən Rafiq Babayev bu addımı ilə görkəmli bəstəkar Fikrət Əmirovun rəğbətini qazanır və caz dünyasına ilk addımlarını atmağa başlayır.

Təhsilini başa vurduqdan sonra özünün caz-instrumental qrupunu yaradan Rafiq Babayev SSRİ turnesinə çıxır, bir sıra caz festivallarının laureatı olur. 1965-ci ildə o özünün rəhbərlik etdiyi instrumental caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış "Qaya" caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilir.

Zamanında Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslüm Maqomayev kimi milli musiqimizin görkəmli simaları ilə ünsiyyət quran, onlardan nələrsə mənimsəyən Rafiq Babayev öz dəsti-xəttini, üslubunu yaradaraq musuqi sənətimizə adını əbədilik həkk etməyi bacarır.

1993-cü ildə ekranlaşdılan "Təhminə və Zaur" filminin saundtreki sayılan "Əlvida" kompozisiyası Rafiq Babayevin vizit kartı, əbədi imzasıdır desək yanılmaram. Neçə-neçə sənətkarlar tərəfindən ifa olunan bu bəstə Rafiq Babayevin təqdimatında özəl və təkrarsızdır.

Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələyib. 1991-ci ildə Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən səsyazma studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə - Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalara həyat verir.

Rafiq Babayev 1978-ci ildə Əməkdar artist, 1993-cü ildə Xalq artisti adlarına layiq görülüb. Yaşasaydı adlarının, titullarının sayı da zamanla lap çox olardı. Amma amansız və zamansız ölüm başqa qərar verir. 1994-cü il martın 19-da metronun "20 yanvar" stansiyasında törədilən terror aktı 14 həmvətənimizin həyatına son qoyur. Ömrü yarıda qalanların sırasında bəstəkar, xalq artisti Rafiq Babayev də olur.

Ömründə ilk və son dəfə yerin altı ilə hərəkət edən Rafiq Babayevi torpaq özünə ömürlük qonaq edir. Və bu bəstəkarın sonuncu vidası, həm də əlvidası olur.

Əlvida o günlər, ulduzlu gecələr Əlvida,

Ömrümdə nə qaldı, nə qaldı vəfasız dünyadan?

21.03.2024 18:18
show 553