Hazırda ölkənin avtomobil bazarında durğunluq müşahidə olunur. Satışa çıxarılan maşınlar çox olsa da, alıcı kütləsi olduqca azdır. Nəzərə çarpan tendensiya arxada qoyduğumuz ilin son rübündən bəri davam edir.
Yenisabah.az 2025-ci ildə Azərbaycanın avtonəqliyyat bazarındakı vəziyyəti araşdırıb.
Elan saytlarında və bazarlarda təklf olunan qiymətləri nəzərə aldıqda, maşınların ötən ilin eyni dövrünə nisbətən xeyli bahalaşdığını görmək olar. Xüsusən, buraxılış ili xeyli köhnə olan və alıcıların ənənəvi müraciət etdiyi “Lada”, “Mersedes” və “Opel” kimi markaların modellərində kəskin qiymət artımı özünü göstərir. Bu isə sözügedən avtomobillərin satışlarına ciddi təsir göstərir.
Realtorların bir çoxu bu ilin ikinci rübünə doğru əksər markaların avtomobillərində kəskin ucuzlaşmanın olacağını deyir. Bazara çox sayıda elektromobil, hibrid maşınların daxil olması və ənənəvi benzin-dizel avtomobillərin qiymətlərindəki bahalaşma alıcı kütləsinə xeyli təsir göstərir.
Artıq müştərilərin bir çoxu irihəcmli dizel və benzin mühərrikli maşınlar almaq yerinə, daha sərfəli və müasir tələblərə cavab verən elektromobillərə daha çox üstünlük verir. Təbii ki, yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulan utiliziya və ölkəyə daxil olan nəqliyyat vasitələrinin buraxılış ili ilə bağlı tətbiq olunan məhdudiyyətlərin də avtomobil bazarına təsir göstərəcəyi istisna deyil.
Şəhərlərdən fərqli olaraq, regionlarda yaşayan alıcılar daha çox Rusiyanın ənənəvi “Lada” markasının maşınlarını almağa üstünlük verirlər. Bu tendensiya artıq uzun illərdir ki, davam edir. Ehtiyat hissələrinin ucuz və əlçatan olması, eyni zamanda bir çox xarici markalara nisbətən daha qeyri-asfalt şəraitinə dözümlü olması “rus maşınları"nın alıcılıq potensialını yüksək edir.
Bu baxımdan 2025-ci il ərzində də “Lada” modellərinin alıcı potensialı stabilliyini saxlayacaq. Lakin buraxılış ili köhnə olan bir çox xarici modellərdə qiymətlərin kəskin ucuzlaşacağını proqnozlaşdırmaq olar.