657b157084a3c202312234712

Bizi Azərbaycana gətirəndə belə yolda... - Aqşin Bəbirov

Ermənsitan əsirliyindən azad olunaraq dekabrın 14-də Azərbaycana qaytarılan Aqşin Bəbirov ARB 24 kanalına müsahibəsində ermənilərin ona və Hüseyn Axundova verdikləri işgəncələrdən danışıb.

Qlobal.net konkret.az-a istinadən xəbər verir ki, o, bu gün müayinədən keçəcəyini bildirib: "Ermənistan dövlətinin bizimlə necə qəddarcasına davrandığını, işgəncə, əzab verdiyini hamı biləcək. Göydə Allah şahiddir ki, bizə necə münasibət göstərirdilər. Həkim dişim irin verə-verə necə narkozsuz şəkildə dişimə iynə basdı. Başımı divara vurub partlatdılar, ayağıma tok verdilər. Beynəxalq Qızıl Xaç Komitəsinə problemlərimizi deyirdik, onlar gəldikləri gün hər şey yaxşı olurdu, amma gedəndən sonra yenə eyni vəziyyət. Gecə saat 03:00-04:00 radələrində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri gəlib bizə əzab-əziyyət verib çıxıb gedirdilər. Biz yenə də ayaq üstündə qalmağa çalışdıq və qaldıq. Bizə nə əzab verilsə də, həmişə mübarizlik göstərmişik".

O, ermənilərin işgəncə verdikləri an Azərbaycanla bağlı hansısa sirr alıb-almadıqları barədə suala isə belə cavab verib:

"Bizdən heç kim sirr ala bilməz, biz Azərbaycan oğluyuq. Hamısını dövlətə cavab verəcəyik. Bizim hesabatımız dövlət tərəfindən alınacaq!"

A.Bəbirov Azərbaycana gətirilərkən yolda işgəncəyə məruz qaldıqlarını da bildirib: "Azad olunduğumuzu bizə bir gün əvvəldən xəbər verdilər. Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri gəldilər, bizə dedilər ki, sabah axşamüstü Azərbaycana gedəcəksiniz, vətəninizdə olacaqsınız. Amma gecə saat 03:00-04:00 radələrində yatdığımız vaxt yenə işgəncə verdilər. Bizi Azərbaycana gətirəndə belə yolda işgəncə verirdilər, maşında vura-vura gətirdilər. Hər tərəfimdə işgəncə izi var. Daha çox qollarıma dərialtı narkotik vururdular. İynələrin izləri, başımdakı çapıq izləri, namaz qıldığım yerdə başımı divara vurub partlatmaqları... Bu, qəddarcasınadır. Təkcə bir nəfər erməni heç olmasa qarşımızda dururdu ki, bizi vurmasınlar. Amma o, həftədə bir dəfə gəlirdi. Rütbəsi aşağı idi. Milli Təhlükəsizlik Xidməti gələndə hər kəs çəkilirdi kənara, qapı bağlanırdı, yenə bizə əzab verilirdi, ikimizi də otaqda pis vəziyyətdə qoyub çıxırdılar..."

14.12.2023 18:46
show 472