6657e96fd280f202405245023
Bakıda bu binalardakı evlər kütləvi satışa çıxarılır

Mövcud ajiotaj yayılan informasiyalara görədir. Bakının yeni planı ilə bağlı layihə təsdiqlənib. Həmin layihəyə görə, bir çox köhnə, o cümlədən, qəzalı binalar söküləcək. Bu informasiyaların fonunda müəyyən ajiotaj yaranıb və köhnə binalarda yaşayan vətəndaşlar bazara öz mənzillərini çıxarırlar.

Qlobal.net xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Bakıda "xruşşovka"ların kütləvi şəkildə satışa çıxarılması ilə bağlı "Yeni sabah"a danışarkən deyib.

O bildirib ki, vətəndaşlar həmçinin artıq köhnə binaların yerinə daha çox yeni binalara üstünlük verir: "Bu isə köhnə binalardakı mənzillərin kütləvi satışına səbəb olur və yeni binalardan mənzillərin alınması ilə nəticələnir. Düşünürəm ki, bu tendensiya artan templə davam edəcək. Bazarda yəqin ki, son dövrlərdə olduğu kimi, daha çox köhnə tikililərə rast gələcəyik".

Mütəxəssis xatırladıb ki, ajiotajın söküntü ilə bağlı olması əsaslı deyil. Çünki əgər söküntü işləri başlasa da, bunun üçün müəyyən dövr tələb olunur.

30.05.2024 07:00
show 1867