Azərbaycanda ŞOK: Estetik cərrah olmayan həkim əməliyyat edirmiş... - FOTO
Azərbaycanda ixtisası başqa, amma fəaliyyət sahəsi fərqli olan
həkimlərin sayı günbəgün artır. Bu məsələ artıq pasiyentlərdən çox
peşəkar həkimlərin özünü narahat edir.Belə
ki, Tibb Universitetini bitirdikdən sonra illərlə başqa ixtisasda
çalışanların bəziləri sonradan dəbdə olan əməliyyat və prosedurları icra
etməyə başlayır, özlərini estetik cərrah, stomatoloq, implantoloq,
burun əməliyyatı üzrə uzman kimi tanıdır, pasiyentləri cəlb edirlər.
Bu
məsələ tibb ictimaiyyətinin haqlı narazılığına səbəb olur. Çünki
sadalanan sahələr üzrə həm rezidentura, həm internatura təhsili alan,
ixtisası estetik və ya LOR cərrah olanlar heç bir təhsil və lisenziya
almayan başqa həkimlərlə rəqabət aparmalı olurlar.
Acınacaqlı
hal odur ki, çox vaxt yeni ixtisas seçən həkimlər qiymətləri endirərək
rəqabətdə qazanır və xəstələri ucuz qiymətə yanlış əməliyyat edirlər.
Qlobal.net “Medicina”ya istinadla xəbər verir ki, belə həkimlərdən biri də həm plastik,
estetik, həm də LOR əməliyyatlar icra edən Fuad Abdullayevdir.
Məlum
olub ki, bütün sosial şəbəkə profillərində plastik, estetik, LOR cərrah
kimi özünü tanıdan Fuad Abdullayev əslində ixtisasca ümumi cərrahdır. O,
20 il ümumi cərrah kimi qarın boşluğu orqanları üzrə əməliyyatlar edib,
Mərkəzi Dənizçilər Xəstəxanasında çalışıb. Son beş ildir estetik
cərrahiyyəyə tələbat olduğundan Fuad Abdullayev peşəsini dəyişib.
Hazırda eyni vaxtda abdominoplastika, mammoplastikadan tutmuş burun
əməliyyatlarına kimi hər cür əməliyyatlar edir.
“Medicina”nın əməkdaşı
məsələ ilə bağlı cərrahın özü ilə əlaqə saxlayıb, ixtisasını dəyişmək
üçün ikinci təhsil, ixtisasartırma, lisenziya alıb-almaması ilə
maraqlanıb.
Fuad Abdullayev suala dəqiq cavab verməyərək, cərrah
olduğunu, LOR cərrahiyyə üzrə də ixtisaslaşdığını və 20 ilin həkimi
olduğu üçün hər cür əməliyyatlar keçirməyə ixtiyarı olduğunu bildirərək,
belə məsələləri qabartmağın yersiz olduğunu bildirib.
Fuad Abdullayevin
sosial şəbəkə hesablarında iş yeri kimi qeyd etdiyi “Lanset Cərrahlıq
klinikası”na ünvanlandığımız məktuba isə belə cavab verilib: “Fuad
Abdullayev hazırda bizim klinikamızda fəaliyyət göstərmir”.
Məsələ ilə
bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə göndərdiyimiz
sorğuya hələlik cavab verilməyib.
Mövzu ilə bağlı araşdırmalarımız davam
edir və yaxın vaxtlarda ixtisası üzrə fəaliyyət göstərməyən daha bir
neçə həkimin adını açıqlayacağıq.