Gömrüklə bağlı son dövrlərdə əhali arasında narazılığın artması vətəndaşların xaricdən qayıdarkən və ya internet vasitəsilə xarici mağazalardan sifariş verməklə öz şəxsi istifadələri üçün aldıqları məhsulların gömrükdə kommersiya məhsulu kimi vergiyə və rüsumlara cəlb edilməsi ilə bağlıdır. Belə ki, xaricdən qayıdan vətəndaşların gətirdikləri mallara 800 dollarlıq, ölkə daxilində xaricdən internet vasitəsilə sifariş edilmiş məhsullara isə ayda 300 dollarlıq limit tətbiq olunur. Əvvəllər bu rəqəmlər xeyli yüksək idi, sonra azaldıldı. Son illərdə bütün məhsullarda ciddi bahalaşmanın qeydə alınması şəraitində artıq bu məbləğə şəxsi istifadə üçün normal bir mal almaq mümkün deyil.
Bəs nəzərdə tutulan limiti keçdikdən sonra nə baş verir?
Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Referans.az-a verilən açıqlama verilib.
“Beynəlxalq poçt vasitəsinin daşınması ilə gətirilən məhsul 300 dolları keçdikdə bu məbləğə uyğun olaraq qiymət hesablanır. Məsələn, sizin sifariş verdiyiniz məhsulların ümumi dəyəri 350 dollardır. Bu məbləğ 300 dolları keçdiyinə görə 50 dollar rüsuma cəlb olunur. Bu məbləğ avtomatik olaraq “Smart Customs”-da hesablanır. Qeyd edək ki, siz bu rüsumu birbaşa onlayn şəkildə ödəniş edə bilərsiniz. Bunun üçün gömrük məntəqəsinə üz tutmağa ehtiyac yoxdur”.
İqtisadçı-ekspert Natiq Cəfərli də bu haqda Referans.az-a danışıb.
“Vətəndaşlar xarici ölkələrdən geyim, ev əşyası, qida və s. bu kimi şəxsi istifadə üçün nəzədə tutulmuş məhsullar sifariş etdikləri zaman sifarişlərinin ümumi məbləği 300 dolları keçdikdə rüsum ödəyir ki, bu rüsum da məhsulun əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumu ödəməli olurlar. Artıq bir neçə dəfə sifariş vermiş vətəndaşlar bu sistemə öyrəşiblər. Bu səbəbdən də onlar öz sifarişlərini nəzarət altında saxlayırlar, bir ay müddətində limiti keçməyəcək sifarişlər etməyə çalışırlar. Limitə yaxınlaşdıqları təqdirdə ailə üzvlərinin, yaxınlarının, tanış şəxslərin hesablarından istifadə edərək vacib sifarişlərini edirlər”.
Ekspert qeyd edib ki, istənilən halda bu prosesdə inzibati cəza və yaxud da inzibati məsuliyyət yoxdur, sadəcə limiti keçdikdən sonra müəyyən bir tarif var ki, ona riayət etməlidirlər.