İkinci Qarabağ müharibəsinin başa çatmasından 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməyib. Ancaq layihə aktuallığını qoruyub saxlayır. Ötən aylarda işğal altında olan Qazaxınn 4 kəndinin Azərbaycana qaytarılması barədə əldə edilən razılıq bir sıra digər məsələlərin həllinə də yol açır. Bunlardan biri də Zəngəzur dəhlizi ilə bağlı məsələdir.
Bir müddət əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib. Nazir söyləyib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək.
Bəs hazırda Zəngəzur dəhlizinin açılmasıilin sonuna qədər mümkündürmü?
Məsələni News24.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanı Naxçıvanla quru əlaqələrinin formalaşdırılması 8 noyabrda imzalanan üçtərəfli birgə bəyanatda yer alıb:
“Həmin bəyanatın 9-cu bəndində bütün bu məsələlərə aydınlıq gətirilib. Ötən 4 il ərzində Ermənistan bu bəyanatın maddələrini yerinə yetirməkdən boyun qaçırır, vaxtı uzadır və geopolitik sahədə hər hansı dəyişikliklərə ümid edirdi. Bu dəyişikliklər sayəsində öz mövqeyini gücləndirəcəyini düşünürdü. Gözlənilənlər baş vermədikcə Azərbaycanın şərtlərini qəbul etməyə başladı. Lakin buna baxmayaraq Zəngəzur dəhlizi ilə bağlı yaranan problem geopolitik xarakterlidir. 9-cu maddədə göstərilir ki, Ermənistan Azərbaycan tərəfinə sərnişinlərin və yüklərin maneəsiz keçidinə şərait yaratmalıdır, eyni zamanda bu kommunikasiya xəttinin təhlükəsizlik təminatı Rusiya tərəfindən yerinə yetirilməlidir”.
Politoloq qeyd edib ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlaması cənubi Qafqazda gedən proseslərə Rusiyanın müdaxilə imkanlarını azaltdı. Onun sözlərinə görə, Ermənistan bundan istifadə edib öz Qərb himayədarlarının dəstəyinə arxalanaraq Rusiyanın cənubi Qafqazdakı maraqlarını sıxışdırmaq yolunu tutdu:
“Elə məhz Ceyms O’Brayenin də Ermənistana səfəri antiRusiya fəaliyyətinin tərkib hissəsi idi. Ermənistan parlamentinin sədri Alen Simonyanın ötən həftə verdiyi Zəngəzur açıqlaması kommunikasiyalar üzərində suverenlik istəyindən irəli gəlirdi. Bu Vətən müharibəsindən sonra baş verən proseslər və kapitulyasiya aktı ilə uyğunsuzluq təşkil edir. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif mülahizələrin olması da onu deməyə əsas verir ki, Ermənistan gec-tez bu nəqliyyat marşrutunun açılmasında israr etməyəcəkdir. Paşinyanın kommunikasiya xətləri ilə bağlı irəli sürdüyü “Sülh Qovşağı” ideası da ütopikdir və bu qeyri-obyektiv yanaşmaları özündə birləşdirir. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsələləri nə qədər yubadırsa, bu sülh ilə bağlı prosesi də uzadır”.
İlyas Hüseynov əlavə edib ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ilə bağlı fikirlər irəli sürülüb. Bütün bu ciddi dəyişikliklər fonunda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, kommunikasiya əlaqələrinin açılması və iqtisadi əlaqələrin bərpa olunması aktuallığı ilə seçilir. Sülh müqaviləsi ilə bağlı irəli sürülən ehtimallarla yanaşı bu ilin sonuna qədər kommunikasiya xəttlərinin açılması haqqında da fikirlər bildirilir. Məncə, bu proses siyasi iradə nəticəsində bir anda həll olacaq.