"Zeklərdən biri acından məhbusu öldürüb yemişdi" - "Oğru Cəbrayıl"ın dəhşətli məhbəs həyatı
1947-ci
ildə 16 yaşlı Cəbrayıl acından ağlaşan bacı-qardaşlarını sakitləşdirmək
üçün bir kisə un oğurlayarkən yaxalanır. "Podelnik"i "Ded" Ağakərim
ondan iki yaş böyük idi. Və onların hər ikisinə 16 il həbs cəzası
verilir. Onlardan birini Mingəçevirdəki "Detkalon"a, digərini isə
birbaşa Kolımaya – Vorkutaya göndərirlər... Bir
müddət sonra təkrar məhkəmə olur və "podelnik" Ağakərimin anasının
yalvarış və xahişinə görə Cəbrayıl bütün günahları öz boynuna götürür...
"Podelnik" məhkəməyə cırıq, pambıqları həmin
cırıqlardan pırtlayıb çıxan vatnikdə, taykeş çəkmələrdə və bağı
olmadığıdan qulaqları sallanan papaqda gəlmişdi. Təkrar məhkəmə Cəbrayıl
haqda qərarı qüvvədə saxlayır və onu birbaşa Keşlədəki paylama
məntəqəsinə göndərirlər. Böyük qardaşı Valeh
onu iki dəfə Mingəçevirdə uşaq koloniyasında oturarkən yoluxmağa
gəlmişdi. İkinci görüşə gələndə anasını və Cəbrayılın “Porsuq”
adlandırdığı lap balaca qardaşını da gətirmişdi.Hələ yenicə "Taqanroq" papirosunun tüstüsünün acısına öyrəşməyə çalışan uşaq birdən-birə KarLAQa düşür...
Cəbrayılın dediklərindən: -
1949-cu ildə KarLAQ-ın paylama məntəqəsinə dörd min beş yüz nəfər
məhbus hara isə göndərilmək üçün toplanmışdı. Bizi də barakların birinə
gətirdilər. Bayırda 40 dərəcədən yuxan şaxta vardı... Külək yalquzaq
kimi ulayır, güclü qar yağırdı... Barakımız
dörd yaruslu naralarla hər iki tərəfdən divar boyu uzansa da, oturmağa
yer yox idi. Uzanıb yatmaq barədə söhbət ola bilməzdi... Vaxtaşırı
üç-üç, beş-beş gətirilən məhbusları əvvəlcə içəri itələyirdilər. Az bir
müddətdən sonra ortalıqdakı sahə də doldu. Axşama yaxın gətirdikləri
dustaqları birtəhər baraklara yerləşdirmək üçün nəzarətçilər
çəkmələrinin dabanlarını onların yumşaq yerinə dirəyərək ayaq üstə
dayanmış digərlərinin arasına soxurdular. Naraların mərtəbələri
arasındakı məsafə 80-85 sm olardı... Oturmaq çox narahat olsa da, özünə
orada yer edənlər üzlərində razılıq hissi ilə mürgüləyirdilər. Bayırda
qırx dərəcədən çox şaxta olmasına baxmayaraq, naranın yuxarı
mərtəbəsində oturmuş dustaqlar bütün paltarlarını soyunmuşdular. Mən
ayaq üstə dayananların içində idim. Yanımda durmuş iki nəfər astadan
söhbət edir, əvvəllər olduqları paylama məntəqəsindən danışırdılar. Belə
zənn elədim ki, pıçıldaşanlar “faşist”lər idi. –
Nə gopa basırsan ey, qırx altıda İvanovsk paylama məntəqəsində də belə
idi. Mən birbaşa "buxta Vanino"dan gəlirəm... Bilirsən nə qədər dustaq
var? Hələ ən böyük zonu, üçüncünü demirəm. Deyilənə görə, orada minlərlə
zek hara isə göndəriləcəyini aylarla gözləyir, – deyə, üçüncü söhbətə
qoşulur. – Yox, uşaqlar, heç bura paylama
məntəqəsi deyil. Paylama məntəqəsi Kirovskdakıdır! Gün ərzində yarım
kilo çörək, bir stəkan su verirlər... İ basta... Onun sözünü ağzında
yarımçıq qoyan dördüncü danışmağa başlayır, – Amma Kotlasda?.. Oy, oy,
oy!!! Deməyə söz tapmıram... Onlar danışdıqca
mən dəhşətlə fikirləşirdim ki, görəsən, tale məni hansı "cəhənnəm"ə
atacaq? Görəsən, nə vaxtsa bu iztirabların sonu olacaqmı? –
Altı ay bundan əvvəl mən “Krasnoyarsk Reşotıy"da idim. Oradakı
peresılkalar bütünlüklə özbəklər, koreyalılar, türkmənlərlə dolu idi.
Bir sözlə, qıyıqgözlər. Baş idarədən bir general gəlib deyib ki,
"ölürsünüz və bundan sonra da öləcəksiniz. Nə qədər ki, özünüzü yaxşı
aparmağı, işləməyi öyrəşməmisiniz belə də olacaq", – deyə bir başqası
danışmağa başlayır. Lakin onun sözü yarımçıq
qaldı. Hamı üzünü səs-küylə açılan qapıya tərəf çevirdi. Hamının da
ürəyindən yəqin ki, bu fikir keçirdi: "bəlkə yemək gətiriblər". Axı,
dünən də heç nə verməyiblər. – Yatab getmək üçün hazırlaşın! – sıraya düzülmüş konvoylardan biri qışqırdı, sonra isə əsəbi halda yerə tüpürdü:–
Tfu, nə pis iy gəlir!.. Hamı bir nəfər kimi çıxsın! Qaça-qaça çıxın!
Qaçın! – deyə, konvoylar qışqırır, söyür, hay-küy salırdılar...– Birbaşa "opravka"ya (ayaqyoluna).. Beqom, ya skazal! Beqom! Qaçın! Hər
şeydə tələsiklik, hər yerdə natəmizlik... Həmişə təhqir, hər an
söyüş... Konvoyların yanından ötəndə mütləq avtomat qundağı ilə "pinok"
almalı idin. Eynilə sonralar kinofilmlərdə baxdığımız faşist
konslagerlərinin metodu ilə islah edirdilər bizi... Haray.. Fit səsi...
İt hürüşü! "Pinok"! İki həftəyəcən KarLAQ
paylama məntəqəsində adam əlindən tərpənmək mümkün olmayan barakda
oturub, gündə iki dəfə - əvvəl "opravka"ya, oradan isə yeməkxanaya
qovulurduq. Mən yeməkxana deyəndə özümün də gülməyim gəlir. Sıradan on
nəfər çağırırdılar, təxminən beş litrlik taslara balanda, onun üstündən
də bir "çerpak" sıyıq töküb verirdilər əllərə... Bəzilərinin alüminium qaşığı vardı... Bəziləri isə əlləri ilə yeməyə girişirdilər. İki həftə sonra yenə komanda eşitdik: – Çıxın, yatab gedirsiniz! YATAB Bizi
bərbərxanaya gətirdilər... Hamının başını qırxdılar və hamamın qapısı
qarşısına düzüldük... Deməli, etap olunurduq, çoxları kimi, mən də
sevinirdim... buradakı əziyyətdən, dəhşətdən, natəmizlikdən cana
doymuşdum. Elə hamamdaca öyrəndim ki, əgər bizi porta aparsalar, deməli,
adalardan birinə, dəmiryolu stansiyasına tərəf qovsalar, "materik"ə
göndərəcəklər. – Materikə gedirik, – deyə
"Çuma" əllərini ovuşdurdu və yanımdan aralanaraq yavaş-yavaş dəstənin
birinci cərgələrinə doğru irəliləməyə başladı... Birincilər sırasında
"vaqon-zak”a, "Stolıpm"ə qalxmağa onun da haqqı vardı. "Sxodka"larda
sözü keçən oğru sayılırdı. KarLAQda olduğum vaxt ərzində üç dəfə
"sxodka" keçirmişdilər."Sın Polka" "Stolıpin"ə dördüncü adam
kimi qalxdı... Konvoylar birinci əlli nəfərin vaqonlara qalxmasını
səbrlə seyr etdilər, sonra "Tez olun!", Tez olun!" deyərək, tələskənlik
yaratmağa başladılar. Birinci "əllilik" əsl "oğru"lar idi... "Vaqon-zak"
yerindən tərpənəndə bizim kupedə on iki nəfər vardı. Çoxlarınız qatarla
gedib və bilməmiş deyilsiniz ki, bir kupedə dörd nəfər gedə bilər.
Yaxşı, qoy olsun altı, olsun yeddi, səkkiz. On iki nəfər həqiqətən çox
idi. “Faşist”lərdən bir-ikisini bizim kupeyə basmışdılar... Onlardan biri iki-üç saatlıq tam sakitlikdən sonra sükutu pozdu: –
İnqilabın təzə-təzə alovlandığı vaxt Vladimir İliç Sibirə sürgün
edilibmiş. "Volnik"lərlə eyni, lakin üçüncü dərəcəli vaqonda gedən Lenin
yol bələdçilərindən kimi görürsə, əl-qolunu ataraq qışqırırmış ki,
"dözülməz dərəcədə sıxlıqdır". Onun bu söylədikləri həqiqətən də bizim
hamımıza uyğun lətifə idi. Lakin biz Lenindən fərqli olaraq nə haraya
getdiyimizi, nə də neçə gün yol gedəcəyimizi bilmədiyimizdən sakitcə
oturmuşduq. Qatar isə haraya isə məchulluğa doğru şığıyırdı. Gündüzlər
"vaqon-zakı" dar dalana soxurdular. Saatlarla hər iki tərəfi yük
vaqonları ilə kəsilmiş dalanda gecənin düşməsini gözləyir, gündə iki
dəfə yeməyimizi yeyir, iki dəfə isə "opravka"ya buraxılırdıq. Nə idi
yeməyimiz? Tam bişməmiş, palçıq kimi çörək, yarım parça duzlu balıq və
iki krujka su... Səhərlər hərdən çay da verirdilər. Bir gün çörək
payımızı lap azaltdılar. "58-lər"dən biri narazılığını bildirərək
konvoyların rəisi ilə görüşmək istədiyini söylədi. Az sonra kapitan
çinində birisi dəmir barmaqlıqların önündə dayanaraq: – Kim idi məni görmək istəyən? – dedi.– Yoldaş rəis! Bu çörək neçə qram olar? – deyə, "58" soruşdu.– Ey, murdar, alçaq, mən sənə yoldaş deyiləm! Sizə verilən çörək də nə qədər verilməlidirsə, elə o qədərdir!– Tələb edirəm, yenidən çəkin, – deyə, sabiq general çörəyi yerə çırpmaq istəyirmiş kimi hirslə qolaylandı.-
Ay, sənin...! Alçaq, qiyam təşkil etmək istəyirsən? Bir bu vətən
xaininə baxın, buna dəqiqlik lazımdır. Amma mənə elə gəlir ki, sənin
özünü asmaq lazımdır. Deməli, Sovet İttifaqı xoşuna gəlmir, hə?.. Alçaq! "Faşist"
general başını aşağı dikib dayanmışdı, dodaqları, əlləri əsirdi...
Kapitan qalib görkəmi ilə uzaqlaşandan sonra general ulduzu çıxarılmış
qıvrım tüklü hərbi papağını üzünə sıxaraq, ağladı.
... 1951-ci ilin yayında evə, anama iki min manat göndərdim. Son dəfə
aldığım məktubda kiçik qardaşımın xəstələnərək dünyadan getdiyi haqda
yazmışdılar. Bilirdim ki, vəziyyətləri çox çətindir. Qardaşım Valehi də
tutmuşdular. Dostum, xanımın oğlu Şəmsi yazmışdı ki, Valeh kimi isə
bıçaqlayıb. Son üç ayda barakdan bayıra çıxmır, işə getmirdim.
“Polyak”lardan kim isə "stukaç"lıq eləmişdi deyə, növbəti yatabda məni
də o vaxtlar ittifaqın ən böyük "komsomol tikintisi" sayılan cəhənnəmə -
“Belomor-Kanal”a gedənlərin cərgəsinə qoşdular. ...Beləliklə,
"srok"umun yeddi aya yaxınını “Belomor-kanal”da keçirdim və bir gün
“polyak”ların (“vor zakonlar”ın hökumət tərəfə keçənləri) satqınlığından
sonra bizi peresılkaya gətirdilər. Adətən, buradan hara göndəriləcəyini
bilmirsən. Amma bu dəfə bizə elan etdilər: "Volqa-Don"a gedirsiniz”.
Yatab olunanların əksəriyyəti oğrular idi. Biz "Cəhənnəm qapısının
kandarı"ndan uzaqlaşdırılaraq, nisbətən münbit torpağa atıldıq. Amma
"ilanın ağına da lənət, qarasına da"... Volqa-Don
zonları da elə "Belomor-kanal" düşərgəsinin tayı idi. Yemək məsələsi
burada şimaldakından daha çətindi. Hər səhər sıraya, kolonnalara
düzərək, şruflarda işləməyə aparırdılar. Burada da "betonomeşalka"lar,
"şlüz"lər hər gün onlarla məhbusu əbədi qoynuna alırdı. Axşam
yoxlamasında onlarla məhbus adı çəkilərkən hay vermirdi və səhəri gün
həmin ad silinirdi siyahıdan... Barakımızda üç
min məhbus otururdu. İy-qoxudan baş çatlayırdı. Axşama kimi su keçirən
"kirzovıy" çəkmələrdə islanmış, yaxud haradasa isti yerdə dayanmaqdan
"valenka"nın içində tərləmiş "portyanka"nın iyi, bir də duzlu balıqla
yarıbişmiş 300-500 qram çörəyi yaxşı həzm etməyən mədə qıcqırtısından
yaranan qaz... Adam girmək istəmirdi baraka. Altı mərtəbəli naraların
yuxarı qatlarında yatanların güzəranı daha pis idi. Bayırda 30-40 dərəcə
şaxta olanda belə, çoxları beş, altıncı mərtəbədə çılpaqlaşaraq
yatırdı. Çoxları heç olmazsa bir neçə gün
cəhənnəm əzablı günlərdən canını qurtarmaq üçün duzlu su düzəldirdi.
Duzlu suyu ardıcıl içərək böyrəklərini sıradan çıxarır, "kiçik bayıra"
gedə bilməyərək inək kimi böyürürdülər... Mükafat olaraq bir həftə, on
gün xəstəxana çarpayısında uzanır, çoxdan görmədikləri ağ xalatlı tibb
bacılarının necə gəlib, nə cür getdiklərinə tamaşa edirdilər. Məhbusların
elələri vardı ki, zəiflikdən naranın ikinci mərtəbəsinə qalxa
bitmirdilər. Nəhayət, kim isə onun yanbızından tutub qaldıraraq
uzanmağına kömək edirdi. Səhər növbətçi "Qalxın!” komandasından sonra
həmin naraya yaxınlaşır, "Qalx, əclaf!",- qışqıraraq yanından ötür,
tərpənmədiyini görüb, ayağından tutaraq dartırdı. Tarap-p-p! – ağac kimi
quru, arıq, yüngül bədən ikinci mərtəbədən aşaraq, yerə dəyirdi.
Yoxlayıcı nəzarətçi də yaxınlaşaraq bir təpik ilişdirir, “podox, podlo!"
deyərək, bir qədər aralıdakı cəsədə doğru irəliləyirdi. Hara
baxırdın, sönük gözlərini üzünə zilləyərək, nə isə uman, həyata biganə
sifətlərlə qarşılaşırdın. Bir də görürdün, yanında oturanlardan biri
suyu daman çörəyi dişləmək üçün də çətinlik çəkir. Dişləyəndən sonra isə
baxırsan ki, dişlərindən qan peyda oldu. Deməli, sinqa xəstəliyi var...
Tərpənən dişləri, don vurub çürüyən damaqlari ilə gəmirirdilər,
sorurdular çörəyi, duzlu balığı və onun sür-sümüyünü. Bəziləri
yanında otururdu... çıxarırdı "valenka"larını, başlayırdı barmaqlarının
arasını qaşımağa, bəziləri isə iri şam şişkalarlı ilə arası dolmuş ayaq
barmaqlarının üstünü ovuşdururdu. Dərisi əlində qalırdı. O, ağlayır,
sızlayır, özünü döyürdü... Belə zekləri, inanın ki, ölüm də qorxutmurdu. Bəzilərini
ölümqabağı "ponos" tuturdu. Bütün bədənini xırda, irinli yaralar
basırdı. Həmin şəxs 100 faiz əmin idi ki, öləcək. Çünki onun gözləri
qarşısında bu cür dünyasını dəyişənlər çox olurdu. Belələrinə heç kəs
toxunmur, onları xəstəxanaya, tibb məntəqəsinə də götürmürdülər. Onlar
hətta məhbəs yoldaşlarından da qaçırdılar, çünki özünü saxlaya bilmədiyi
üçün maye onun paltarını, çəkmə, yaxud "valenka"larının içərisini
doldururdu. Belə xəstələrin çoxu daha tez
ölmək, əzablarına daha tez son qoymaq üçün şaxtalı günlərdə
"valenka"sının içinə su tökürdü. Bundan sonra qanqrena başlayırdı,
ardınca çoxdan arzuladıqları Ölüm. Altı ay
saxlayıblar məni Volqa-Donda... Onun da iki ay yarımı - 75 sutkasını
karserdə. İndi sizə söyləyim ki, orada məhbusları nəyə görə karserə
salırdılar? Bunun bircə cavabı var: hər şeyə görə! Hansısa hərəkətinlə
rəisin xoşuna gəlmədinsə, vaxtında durmadın, oturmadınsa, səni
"dincəlməyə" göndərirdilər. "Otkaznik"ləri isə on beş günlük soxurdular
karserə. Karser necə idi? Soyuq, qaranlıq,
rütubətli. Ən pisi isə o idi ki, ac saxlayırdılar səni. 300 qram çörək
və duz. Bəli, duz! Səpirdin çörəyin üstünə, yeyirdin... Həbsdə
olduğu müddətdə məhbusların çoxu bədənlərinə "nakolka" döydürürdülər.
Mənim də sağ çiynimdə “Aypara” tatusu var idi. Bir gün düşərgəmizin
rəisi podpolkovnik Vəliyev gördü "nakolka"nı və it kimi hürməyə başladı:– Bu nədir, sən türksən? – barmağını “Aypara”ya tuşlayaraq soruşdu.– Mən azərbaycanlıyam! – dedim. Nə
qədər xahiş elədim, yalvardım, bir şey alınmadı, saldılar məni ŞİZO-ya.
O vaxtlar karserə düşənlərin əksəriyyəti canını tapşırırdı. Çox vaxt
yaddan çıxarıb heç 300 qram çörək də vermirdilər.Bir təhər on
beş günü başa vurdum. Sonra təzədən bir o qədər də əlavə etdilər, sonra
bir də, bir də... bir də! Düz 75 gün karserdə oturdum. Son günlərimi az
qalırdı canıma qəsd edəm, amma yenə "lənət sənə kor şeytan!" deyir,
özünətəlqin ilə isinir, aclığımı dəf edirdim. Oradan
çıxanda gəzməyə halım qalmamışdı. İki gün oğrular qulluq elədilər mənə.
Bədənim keyimişdi, ayaqlarım şişmişdi. Hələ indi də həmin günlərin
ağrıları özünü büruzə verir, şişir ayaqlarım, dəhşətli giziltilər baş
qaldırır baldırlarımda. Düşərgədə Azərbaycandan
da uşaqlar var idi. Digahlı Mirzə iki dəfə pay-püşlə görməyə gəlmişdi
məni. Belə çətin anda mənim bir dəfə ona etdiyim yaxşılığın əvəzini
verməyə çalışması qəlbimi kövrəltdi, ilk dəfə olaraq yumruqlarımı
gözlərimə sıxaraq ağladım. İki gün sonra
eşitdim ki, iki nəfər barakımızdan qaçıb... Axtaran olmadı onları. 30-40
dərəcə şaxtada uzağa gedə bilməzdilər... Bir həftə sonra biri yenidən
qayıtdı düşərgəyə. Hamı danışırdı ki, qayıdıb gələn qayıtmayanı elə
meşədəcə baltalayıb öldürüb, sonra isə onun yeyilə bilən hissələri ilə
qidalanaraq, yeddi gün yaşayıb. Lakin yoldaşını soruşanda əsl həqiqəti
danırdı, bildirirdi ki, onunla elə ikinci gün ayrılıblar. (bakupost) (Ardı var)