Zəfər gününə aid ən yaxşı şeirlər

8 Noyabr Azərbaycan tarixinin ən qürurlu səhifələrindən biridir.
Qlobal.net bildirir ki, Zəfər Günü xalqımızın birliyinin, qəhrəman əsgərlərimizin şücaətinin və Vətən sevgisinin rəmzidir. Bu günə həsr olunmuş şeirlər qələbənin ruhunu, şəhidlərimizin xatirəsini və azadlığın sevincini yaşadır.
8 Noyabr Zəfər gününə aid şeirlər
Müəllif: Ülviyyə Eyyubova
Payız, səndən bir ricam var,
Çox tələsmə…
Qoy geciksin boranlı qar!
Vətənimin yad əllərdə hələ əsir torpaqları,
Döyüşlərdə əsgəri var…
Tanrı olsun onlara yar.
Sən həlim ol, asta tərpən,
Leysan olub yağma birdən.
Bir az bəslə buludları ətəyində
Üşüməsin əsgərimin əli silah tətiyində.
Xəsislik et, gözəl payız,
Torpağıma su qatanda…
Yüngül olsun əsgərimin çəkmələri
Zirvələrə can atanda.
Dumanını ahəstə çək
Naxışları nəmli payız
Vətənimin nər həsrətli dağlarına…
Hərarətin qüvvət versin
Alnı açıq zirvələrə bayraq sancan
İgidlərin qollarına.
Payız, səndən son ricam var
Gözü yolda olanlara
İgidlərdən xoş xəbərlər
Gətir nübar.
Qoy, bu payız müjdə versin mərd xalqıma
Qələbədən, zəfərdən bar!
——————————
Müəllif: Rafiq Ələkbər
Vətən alqışlayır qədəmlərini,
Çoxdan gözləyirdik bu böyük günü.
Dərbənd gülümsəyir Xəzərə baxıb,
Elə bil açılıb Təbrizin eyni.
Adınla fəxr edib coşur ürəklər,
Yeni Zəfərlərlə yaşa, Vətənim!
Çoxdan tilsimdəydi Şuşanın ruhu,
Ruhun azad oldu Şuşa-Vətənim.
Dünya heyran oldu bu qələbəyə,
Bu Zəfər dillərdən-dillərə gəzər
Ulu Qarabağın xilası sanki,
Böyük İstanbulun fəthinə bənzər.
Bu Zəfər yazılıb şəhid qanıyla
Azadlıq naminə yüz yol and içdik.
Düşmənin qurduğu istehkamları,
Bir “Dəmir Yumruq”la dağıdıb keçdik.
Yurduma tuşlanan xain əllərə,
Bu Zəfər dərs oldu, -etməyin xəta.
Tarixin ən şanlı döyüşləriylə,
Zamanı da yendi bu Zəfər hətta.
Yadlara əzəldən gözdağı olub,
Türkün düşmən bağri yaran ordusu.
Yolundan çıxanı cəza gözləyir,
Tanrı ordusudur-Turan ordusu…
Murov dağlarına Ağrı əl edir,
Kəpəz Savalanın görüşündədir.
Behşitdə rahat yat, Xətai babam,
Vətən qələbələr yürüşündədir.
Bu da maraqlıdır: 8 Noyabr Zəfər Günü təbrik mesajları 2025
Bunu da oxu: Zəfər gününə aid şəkillər
——–
Mina Rəşidin şeirləri:
BAYRAĞIMIZ
Bayraqların içində
Bayrağımız bircədi.
Onun məğrur duruşu
Necə ürəyimcədi!
Bayraqların içində
Duruşuna can qurban.
Bayrağımız söyləyir:
- Yaşasın Azərbaycan!
ALİ BAŞ KOMANDANIM
Yatmadı sübhə qədər
Ali Baş Komandanım.
Düşmənlərlə savaşdı
Ali Baş Komandanım.
Qalmamışdı dözümü,
Çox sərt dedi sözünü,
Oydu düşmən gözünü
Ali Baş Komandanım.
Hamı ona “Can!”, – dedi,
“Bu müqəddəs an”, – dedi,
“Can, Azərbaycan!”, – dedi
Ali Baş Komandanım!
HƏR ŞƏHİD BİR BAYRAQDI
Bu ana Vətənimin
Haqq səsidi Şəhidlər.
Min bir adın içində
Müqəddəsdi Şəhidlər!
Şəhid oldu oğullar
Vətən yaşasın deyə.
Qarabağ azad olub
Haqqa qovuşsun deyə.
Şəhidlərin adları
Bütün eli dolandı.
Bayrağımız Şuşada,
Laçında dalğalandı.
O quruca torpağın,
Daşın sağ olsun, Vətən.
Hər Şəhid bir bayraqdı,
Başın sağ olsun, Vətən!
ZƏFƏRDİ MƏNİM ADIM
Mən uşaq deyiləm ki,
Böyümüşəm bir il də.
Altı yaşım olacaq
İndi bu gələn ildə.
Üçrəngli bayrağımdı
Mənim müqəddəs andım.
Adım xoşuma gəlir,
Zəfərdi mənim adım!
AZAD ŞUŞAM
Ordumuzun gücündən
Qorxub qaçdı yağılar.
Şuşanı azad etdi
Şir biləkli oğullar.
Bu yer sanki möcüzə –
Uca dağlar, şiş qaya…
Dolama yollarıyla
Biz qalxırıq Şuşaya.
Hamımız əsgər olub
Durmuşuq keşiyində.
Üzeyirin yurdunda –
Musiqi beşiyində.
Şuşa sənət məbədi,
Gözəlliyin taxtıdır.
Şuşa Azərbaycanın
Mədəni paytaxtıdır.
————
Nicat İsmayılovun şeirləri
Cuşa gəldi zirvə, dağ,
Bayraq var sinəsində.
Azad oldu Qarabağ,
İgidlər sayəsində.
***
Hər daşında var izim,
Zirvəyə ucalmışıq.
Zəfər bizimdir, bizim,
Qələbə qazanmışıq.
***
Düşməni dərdə salıb,
Onlara bu da azdı.
İlhamdan İlham alıb,
İgidlər tarix yazdı.
***
Düşmən istədi aman,
Daim belə olacaq!
Şəhidlər hər bir zaman,
Qürurla anılacaq.
***
Qarabağ, yurdum mənim,
Tariximizsən bizim.
Baxıb buna sevinir,
Həm Göyçəm, həm Təbrizim.
Hazırladı: Fidan Məmmədli
Qlobal.net



