Subayçılığın parlaq illəridir, tələbəyəm, bir dənə ağ Jiqulim var, nol üç, əsirəm üstündə ki, bir yanı xarab olsa vay halıma, tələbə ilə pul antaqonist anlayışlardır filan.
Dostlarla gəzirik şəhərdə və bütün yollar elə gedir ki, mütləq hansısa universitet-institutun yanından keçir, salırdıq dərslərin qurtaran vaxtına ki, mənzərə daha geniş və görüntülər daha dolğun olsun, burada bic-bic qözvurma smayliki gedir.
Ələxüsus da qızlar dərsdən çıxana yaxın çöldə onları gözləyən həngaməni nəzərə alıb pamadalarını çox edirdilər ki, di alın.
Gəl indi sən bu dərdə döz, şair, hamısı forslu, hamsı dəbli, qaş-göz, Kamalar gedir, Gülyalar gəlir, Sabinalar gedir, Renalar gəlir, indini bilmirəm o vaxtlar russkayazıçınların təsirinə düşüb Rənalar Rena olurdular, Parisin podiumları can verirdilər ki, noolar bizə də gəlin, kansertdi e, kansert!
O zamanlar isə bir qız var idi, bax inanın indi yazıram klaviatura od püskürür, zalımın qızı elə bil bizləri məhv etməyə gəlibmiş bu fanı dünyaya, o qədər gözəl idi.
Əslində, indi dai öz aramızdır, söz açılıb, elə də gözəl deyil idi, sadəcə özünü təqdim etmə istedadı o qədər mükəmməl idi ki, bu keçəndə həyat dayanırdı.
Bir tərəfdə həyat dayanırdı, bir tərfədə də Jiqulilər, QAZ-24-lər, inomarka söhbəti o vaxtlar yox dərəcəsində idi, Mersedesi olanı bölmədə şərəf lövhəsinə asırdılar ki, qəhramanlarınızı tanıyın!
Amma onu da deyim ki, xanım vulqar görsənmirdi, səviyəli idi, çox zövlqlü, hər şey qədərində, di gəl ki, bu qədər o qədər idi ki, yıxıb sürüyürdü adamı.
Pallı-paltarlı, rəngli-alovlu, sarafan sezonu gələndə isə ölkənin ümumi daxili məhusulu qalxırdı testoteronun hesabına.
İnanın, kabluku ilə adamın qulağının dibinə vursaydı, kabluk bu qulağdan girib digər qulağdan çıxardı, hələ veşalka üçün yer də qalardı.
Nə isə, üzdüm ürəyinizi, bəxtəvər subay günlərin biridir, sürürəm özüm üçün ara yollarla, təkəm, birdən gördüm həmin qız həyətdən çıxıb gedir, sakit küçədir, konkurent yox, qan başladı pak-ka-pak qaynamağa.
Maqnitafona xod verib ağlamalı İtalyanski mahnı qoymuşam, buz əriyər, nəinki ürək, yavaş-yavaş sürürəm, əyilib baxıram və yadımdan çıxıb ki, bu yolda şəhərin ən tanınmış, ən adlı-sanlı bir lyuku var, əcdadlarımız vəsihət ediblər ki, o lyukun ağzına qapaq qoyanın əli qurusun, həmişə açıqdır, bizlər ataların sözündən çıxan naxələflər deyilik.
Bəli, düz tapdınız, bu gün mənim günüm deyil imiş, maşınımın günü imiş, mən qızla qörüşə bilmədim, amma maşın lyuk ilə elə ehteraslı görüşdülər ki, bir ilin stipendiyası getdi.
Krılo əzildi, təkər cırıldı, disk əyildi, bamber ömürlük tərk etdi bu vəfasız dünyanı, qız isə gülümsəyərək yolunu davam etdi, necə oldusa, sonralar heç görmədim onu, tələbəlik bitən illər idi.
Uzun sözün qısası, görün nə deyirəm, təsəvvür edin ki, üstündən 40 il keçib və o gün həmin o xanımı görürəm şəhərdə!
Ağbirçək bir xanım-xatundır, nənədir, tanıdıq bir birimizi, yada saldıq o hadisəni, güldük, sadəcə utandım soruşum ki, o maşın remontunun pulunu kim verməlidir, mən, yoxsa o?
Siz deyin...
Azər Qərib