Düşmən bir nömrəli hazırlıq getdiyi xəbərlərini ajiotajla tirajlayır, hərbi kolonlar sərhədə irəliləyir, avropalı revizorlar bölgədən çıxarılır; Qabil Hüseynli: “İrəvan qara piar başladıb, dünyaya həşir salıb ki, guya Azərbaycan təcavüzə hazırlaşır”
Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında yaranan məcburi pauza fonunda Laçın postuna qarşı 15 iyun silahlı təxribatı yeni, həm də böyük hərbi toqquşma ehtimalını artırıb. Gələn xəbərlər bu xüsusda nikbinliyə əsas vermir.
Ən gərgin vəziyyət iki ölkə sərhədi boyu müşahidə edilməkdədir. Təbii ki, müzəffər ordumuz gedişatı nəzarətdə saxlamaqla yanaşı, diqqətlə izləməkdədir. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun düşmənin istənilən təxribatına ən sərt cavab verilməsi üçün orduya son dəfə “Hazır ol!” əmrini verməsi də bu mənada əhəmiyyətlidir. Bununla belə, Ermənistanda bəzi aktiv hərəkətlənmələr müşahidə edilir.
“Ermənistan ordusunun sərhədə cəmləşməsi və 1 nömrəli hazırlıq səviyyəsi elan edilməsi haqda informasiya doğrudur”. “Yeni Müsavat” xəbər verir ki, faktı “Sisakan” dəstəsinin döyüşçüsü Aşor Avaqyan erməni mediasına təsdiqləyib. O bildirib ki, sərhəddəki qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə iyunun 16-sı günortadan sonra gətirilib. “Gərginlik əsasən Laçın, Kəlbəcər və Naxçıvan istiqamətindədir. Xəritəyə baxsanız görərsiniz ki, Naxçıvan sərhədində "Ceep"lər doludur və Laçından Bazarçaya, Cermuka qədər düşmənin də həmin ərazilərdə cəmləşməsi müşahidə edilir", - Avaqyan qeyd edib.
Ümumerməni Milli Dövlət Partiyasının sədri Artur Vardanyan isə deyib ki, Zəngəzur və Göyçə vilayətlərinə gedən avropalı müşahidəçilər gərgin vəziyyətlə əlaqədar təcili təxliyə edilib. Onun iddiasına görə, Azərbaycanla bütün təmas xətləri boyunca bir nömrəli hazırlıq elan edilib. Xatırladaq ki, iyunun 16-da erməni sosial şəbəkə istifadəçilərinə qarşılarına çıxan hərbi kolonları çəkib, şəxsi hesablarında yaymamaqla bağlı çağırış edilib. Bununla bağlı çarx da təqdim edilib. Diqqəti çəkən isə çarxda Azərbaycan hərbçilərinə “raket hücumu”nun əksini tapmasıdır. Ermənilərin bununla nəyə işarə etdiyi və nəyə hazırlaşdığı maraq doğurur. Bir neçə gün öncə Ermənistan hərbçilərinin sərhədə doğru getdiyini əks etdirən görüntülər də yayılmışdı.
Bundan əlavə, getdikcə şərti sərhədin daha çox hissəsində Ermənistanın silahlı təxribatları artmaqdadır. Eyni zamanda Qarabağda separatçı ünsürlər xeyli fəallaşıb. Bunlar əlbəttə ki, təsadüfi ola bilməz. Maraqlıdır ki, bu gün Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfərə gedib. O Fransa ki, son vaxtlar kapitulyant ölkəni gizli-aşkar silahlandırmaqdadır. Nə baş verir, Ermənistan gerçəkdən müharibəyə hazırlaşırmı? Bəs nə ilə? İstənilən halda belə görünür ki, kritik bir həftəyə girmişik...
“Qarabağı necə itirəcəyimizi gözləmək baxımından vaxt nisbi anlayışdır, bu fəlakəti dayandırmaq üçün çox az zamanımız var”. Ermənistanın Alternativ Layihələr Qrupunun üzvü Vahe Hovannisyan deyib. “Əgər 1 milyon 200 min erməninin yaşayacağı, sadəcə, Türkiyə infrastrukturuna xidmət edən bir bölgəyə çevrilməyə razıyıqsa, bunun üçün 5-10 il kifayət edir. Bir aydan sonra nələrin baş verəcəyindən, hökumətin nə işlər görməsi, nələrə razılaşmasından xəbərsizik. Amma nələrisə dəyişməliyik, sonra gec olacaq”, - o bildirib. V.Hovannisyan vurğulayıb ki, ermənilərin öz dövlətlərini qorumaq, Qarabağı “əldə saxlamaq” üçün çox az vaxtları var: “Demək olar ki, yeni müharibədən qaçmaq üçün şansımız qalmayıb”.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanla sərhəddə hər hansı hərbi eskalasiya mümkün deyil: “Azərbaycanın sərhəddə belə planları yoxdur. Amma qarşı tərəf orduda 1 nömrəli hazırlıq vəziyyəti elan edib, hətta Avropa Birliyinin müşahidə missiyasını sərhədboyu ərazilərdən çıxarıb. Dünyaya da həşir salıb ki, guya Azərbaycan təcavüzə hazırlaşır. Bunu da Müdafiə Nazirliyində keçirilən toplantı və orada nazir Zakir Həsənovun ordu komandirlərinə verdiyi tapşırıqlarla əlaqələndiriblər. Bəli, ordumuza hazırlıq tapşırığı verilib, sadəcə olaraq, Azərbaycan daxilində silahlı separatçıların və ərazimizdə qalmaqda olan Ermənistan Silahlı Qüvvələrinin tör-töküntülərinə qarşı mübarizə ilə bağlıdır. Bunun Ermənistana heç bir aidiyyəti yoxdur və bu addımlar bizim daxili işimizdir. Ona görə İrəvanın və havadarlarının başladığı təbliğat kampaniyası qara piardır, Azərbaycanı gözdən salmağa yönəlib”.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlının fikrincə, onların məlumatlarını analiz etdikdə hücumun Azərbaycan yox, Ermənistan tərəfindən hazırlandığı aydın görünür: “Birincisi, Azərbaycanın hərbi əməliyyatları öz ərazisində keçirməsi ehtimalı daha çoxdur, nəinki sərhədboyunca. Mövcud şəraitdə Qarabağda separatizmin ləğv edilməsi daha aktual görünür. İkincisi, ermənilər Azərbaycan Ordusunun "Kəlbəcər, Laçın və Naxçıvan istiqamətində cəmləndiyini" iddia edir. Kəlbəcər və Laçın istiqamətində ordumuz strateji yüksəkliklərə sahibdir, Naxçıvan istiqamətində Zəngəzur dəhlizinin hərbi yolla açılması versiyası bölgədə üçüncü ölkələrin də qoşula biləcəyi hərbi eskalasiya riski yaratdığı üçün bu ehtimal az görünür. Üçüncüsü, Ermənistan avropalı müşahidəçiləri sərhədə məhz “Azərbaycan atəş açır, təxribat törədir” iddialarını isbat etmək üçün gətiriblər". Təhlilçi hesab edir ki, əgər Azərbaycan hücuma hazırlaşırsa, ermənilər müşahidəçiləri bölgədən təxliyə etməz, əksinə, “sübutlar toplamaq” üçün saxlayardılar: “Onların təxliyəsi hücumun Ermənistan tərəfindən hazırlandığını açıq şəkildə göstərir. Ermənistanın mümkün təxribat hücumunun birdən çox hədəfi ola bilər: Azərbaycan Qarabağda genişmiqyaslı antiterror əməliyyatına başlayarsa, sərhəddə təxribatlarla cəbhəni böyütmək, qüvvələri ikiyə bölmək və zəiflətmək; Kəlbəcər və Laçın istiqamətində əlverişli mövqelərə çıxmaq; Naxçıvan istiqamətində təxribatlarla "Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla əldə etmək istəyir" görüntüsü yaratmaq və üçüncü ölkələrin - Qərb ölkələrinin və İranın ən azı siyasi müdaxiləsinə (mümkünsə hərbi müdaxilə) nail olmaq. Həmçinin sərhəddə təxribatlarla danışıqlar masasında “güzgü prinsipi”ni - qoşunların geri çəkilməsini yenidən aktuallaşdırmaq və s." (yeni müsavat)