Yuxudan oyandıran baş ağrısına diqqət! Miqrenlə səhv salmayın…

Gecəni kabusa çevirən baş ağrıları çox vaxt miqrenlə qarışdırılır. Lakin bəzi ağrılar – xüsusilə insanı yuxudan oyandıracaq qədər güclü olanlar – “klaster baş ağrısı” adlanan fərqli bir vəziyyətin göstəricisi ola bilər.
Qlobal.net xəbər verir ki, göz ətrafında cəmlənən, birtərəfli və dözülməz bu ağrılar yalnız fiziki deyil, psixoloji cəhətdən də insanın həyat keyfiyyətinə ciddi təsir göstərir. Bəs bu ağrının əlamətləri hansılardır və hansı hallarda diqqətli olmaq lazımdır?
“Bioloji saatdakı tarazsızlıq rol oynaya bilər”
Neyroloq, türk həkim Xədicə Şap bildirir ki, klaster baş ağrısı ümumi baş ağrısı növləri arasında miqren və gərginlik tipli ağrılardan sonra üçüncü ən çox rast gəlinən formadır:
“Xəstələr bu ağrını adətən başın bir tərəfində, göz ətrafında hiss olunan dözülməz ağrı kimi təsvir edirlər. Ağrı o qədər şiddətlidir ki, insan sakit otura bilmir, gəzib dolaşmağa məcbur qalır.”
Dr. Xədicə Şap qeyd edir ki, klaster baş ağrısının dəqiq səbəbi hələ tam məlum deyil, lakin xüsusilə yaz və payız aylarında artması bədənin bioloji saatındakı tarazsızlıqla əlaqələndirilir:
“Araşdırmalar göstərir ki, üz hissiyyatını təmin edən sinirlərdə ağrıyla bağlı serotonin və histamin kimi hormonların ifrazı bu prosesdə rol oynayır. Həmçinin hipotalamusdakı funksional pozğunluqlar da ağrının yaranmasına səbəb ola bilər.”
“Gözdə qızartı və sulanma müşahidə edilə bilər”
Mütəxəssis bildirir ki, klaster baş ağrısına çox vaxt gözdə qızartı, sulanma, üzdə tərləmə, burun axması və ya tutulması, göz qapağında sallanma və üzdə şişkinlik kimi əlamətlər müşayiət edir:
“Bu ağrılar adətən yuxu zamanı başlayır və hər gecə eyni saatda insanı oyada bilər. Bir atak 15 dəqiqə ilə 3 saat arasında davam edir, bəzi xəstələrdə isə gün ərzində 7–8 dəfə təkrarlana bilər. Xüsusilə 20–50 yaş aralığındakı insanlarda daha çox görülür və qadınlarda kişilərə nisbətən daha az rast gəlinir. Hər iki cins üçün siqaret və alkoqol əsas tetikleyici amillərdir. Buna görə də bu maddələrdən uzaq durmaq çox vacibdir”.
“Standart müalicə üsulu yoxdur”
Dr. Xədicə Şap bildirir ki, klaster tipli baş ağrısının standart bir müalicə üsulu yoxdur:
“Bu tip ağrılar yaşayan şəxslər mütləq nevroloqa müraciət etməlidirlər. Klaster dövrü adətən 6–12 həftə davam edir. Məsələn, bəzi xəstələrdə bu dövr payızın əvvəlində başlayıb qışın əvvəlində bitə bilər. Ağrılar o qədər güclü ola bilər ki, insanı yuxudan oyadır. Erkən diaqnoz və düzgün müalicə xəstənin həyatını xeyli yüngülləşdirir. Bəzi hallarda cəmi 15–20 dəqiqəlik oksigen terapiyası ağrı tutmasını dayandıra bilər. Lakin bu üsul kömək etmədikdə, dərman müalicəsinə və daha ağır hallarda sinir blokajına müraciət olunur”.
Bu da maraqlıdır: Dünyanı ağır epidemiyadan xilas edən Leyla – Onun icadı indi də tətbiq olunur
Fidan Məmmədli
Qlobal.net