Qlobal.net xəbər verir ki,
news24.az-ın əldə etdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Elşən M.
və 1996-cı ildə anadan olmuş Faiq N. Cinayət Məcəlləsinin 181.3.2 və
181.3.3-cü (Quldurluq - 181.3.2. külli miqdarda əmlak əldə etmək
məqsədilə və sağlamlığa ağır zərər vurulmaqla) maddələri ilə
təqsirləndiriliblər.
Məlum olub ki, hadisə ötən ilin 16 avqust
tarixində paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yerləşən binanın
dəhlizində baş verib. Elşən və Faiq əvvəlcədən hazırladıqları plana
əsasən iş adamı, valyutadəyişmə fəaliyyəti ilə məşğul olan Bəxtiyar S-i
izləyiblər. Belə ki, nazirliklərdən birində sürücü işləyən və hadisə
yerinə xidməti avtomobillə gələn 52 yaşlı Elşən pusquda dayanıb. Faiq
isə əvvəlcədən öyrəndiyi kodla binanın qapısını açaraq dəhlizdə
Bəxtiyarı gözləyib.
Bəxtiyar əlindəki komputer çantası ilə bloka
daxil olarkən Faiq ona hücum edərək vəhşicəsinə döyüb. O, daha sonra
huşunu itirən biznesmenin çantasını götürərək qaçıb və Elşənin
avtomobilinə minərək uzaqlaşıb. Onlar cinayəti təşkil etmiş Elşənin
qohumu Yusifin yanına gediblər və çantanı açdıqda içərisində 479075
manat (5540 manat ekvivalentində 200000 rus rublu, 365500 manat
ekvivalentində 215000 dollar və 108000 manat) aşkar edərək aralarında
bölüblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən Faiq N.
hadisə barədə bunları deyib: “Yusif bizə həmin adam barədə məlumat
vermişdi. Sonra plan quraraq Elşənlə mənə harada görüşəcəyimizi,
saatını, yerini və digər detalları demişdi. Həmin gün Bəxtiyarı görən
kimi ona iki yumruq vurdum və içərisi pulla dolu çantanı götürüb blokdan
çıxdım. Götürdüyüm puldan Yusif mənə 115 min manat verdi. Bizi bu əməli
törətmək üçün o istiqamətləndirmişdi. Elşənin cinayət əməlində işi
zərərçəkmiş şəxsin bloka girməsini mənə xəbər verməkdən ibarət idi.
Yusif isə Bəxtiyarın blokunun qapısının kodunadək hər detalı bilirdi.
Əldə olunmuş pul üç adamın, yəni mənim, Elşənin və Yusifin arasında
bölüşdürüldü. Pul bölgüsündən ən çox Yusifə pay düşdü. Pulu elə o özü
böldü.
Yusif hadisə yerinə Elşənə məxsus "BMW" minik markalı * FH
** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdi. Mən çantanı
götürəndən sonra qaçaraq onun idarə elədiyi maşına mindim. Yusif
maşından düşdü və sükan arxasına Elşən keçdi. Mən arxa oturacaqda
Yusifin yanında əyləşdim. Elşən cəld maşını hərəkətə gətirdi və ordan
uzaqlaşdıq. Maşında Yusif çantanı açdı və sevincindən qışqırıb çantada
çantada təxminən yarım milyon pul olduğunu söylədi”.
Faiq isə
ifadəsində bildirib ki, Vətən müharibəsi döyüşçüsüdür: “Xocavəndin azad
olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif
olunmuşam. Döyüşlərdə həm qolumdan, həm də ayağımdan yaralanmışdım.
Törətdiyim əməldən peşmanam”.
Araşdırmalar zamanı məlum olub ki,
Faiq Elşənə məxsus avtotəmir sexində işləyirmiş. Elşən yaşının çox
olmasını bildirərək Yusifə bu işə Faiqi də qoşmağı təklif edib və onlar
razılaşıblar.
Iş adamı Bəxtiyar S. da bildirib ki, ona hücumu
planlaşdıran Yusif dostu Vüsalın əmisi oğludur və bir neçə dəfə yaşadığı
yerə gələrək onunla valyutadəyişmə əməliyyatı edib: “Həmin gün Təbriz
küçəsindəki evimə getmişdim. Ailə üzvlərim şəhərdən kənarda olduqları
üçün pulları özümlə götürmüşdüm. Mənzilimə gedərkən blokun içərisində
tanımadığım, sonradan adının Faiq olduğunu bildiyim şəxs qarşımı kəsdi.
Məni vuraraq pulla dolu olan çantamı götürdü. Çantanın içərisində 110000
manat və 213000 dollar var idi. Faiq alnımdan vurmuşdu və məni çox
döydüyü üçün huşumu itirmişdim. Hadisəni təşkil edən Yusif dostum
Vüsalın əmisi oğludur. Yusif mənə manat verib dollar götürürdü. o, bizim
bloka bir dəfə gələndə qapının kodunu görüb. Aparılan pulun bir hissəsi
mənə qaytarılıb. Təxminən 280000 manat da qaytarılmalıdır”.
Bakı
Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə
keçirilən məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Məhkəmə Faiq və
Elşənin hər birini 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına
məhkum edib. Onların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində
çəkəcəyi qeyd edilib.