Aygün Bəylərdən 18 il gizlədilən haqqı
Əməkdar artist Aygün Bəylərin vəfatından sonra bir çoxumuzun yadına
düşdü ki, uzun illərdir Əməkdar artist olaraq qalıb, xalqla olsa, “Xalq”
ola bilməyib. Lakin onun sağlığında heç kim çıxıb mədəniyyət nazirindən
xanım Bəylər üçün Xalq artisti adı xahiş və ya tələb etmədi. Bu gün isə
sosial şəbəkələrdə onun haqqında ağızdolusu yazılır, paylaşımlar
olunur. Kaş bu dəyəri ona sağlığında verə biləydik…Gələk əsas məsələyə…
Sabiq
mədəniyyət naziri Əbülfəs Qarayev manşet.az saytına açıqlamasında Aygün
Bəylərə Xalq artisti fəxri adının verilməməsində müəyyən səbəblərin
olduğunu bildirib. Hansı səbəb olduğunu isə açıqlamaq istəməyib…
Sitat:
“Ona Xalq artisti adının verilməsinə gəldikdə, hər şeyin qanunu və
vaxtı var. Mən ona hansı ad verməliydim ki? Ona Əməkdar artist adı
verilmişdi, Xalq artisti adının verilməsi üçün müəyyən vaxt keçməliydi.
Bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir”.
Cənab sabiq nazir, hansı zaman? Neçə il və ya neçə ay? 18 il, bəyəm, yetərli deyildi?
Burada
daha bir sual yaranır: əgər bir ad almaq üçün uzun zaman keçməlidirsə, o
zaman niyə Miri Yusif 2018-ci ildə əməkdar, 2019-cu ildə Xalq artisti,
Röya Ayxan 2015-ci ildə Əməkdar, 2019-cu ildə isə Xalq artisti adına
layiq görüldü?
Hər ikisi sizin nazir olduğunuz dövrə təsadüf
edir. Söhbət zamandan gedirsə, necə ola bilər ki, Aygün Bəylər sizin
dövrünüzdə 18 il ərzində Xalq artisti adı ala bilmədi, amma 10-15 il
efirə çıxan Miri Yusif və Röya qısa müddət ərzində bu fəxri ada layiq
görüldü? Təəssüf ki, bu sualın cavabını sizdən ala bilmədik…
Zaira Akifqızı