Son günlərdə rast gəlinən mövsümi viruslara fəsli qrip (İnflyuenza A) və digər kəskin respirator virus infeksiyaları aiddir. Bu tip infeksiyalara yoluxma zamanı klinik mənzərə çox oxşardır, çünki onların törətdikləri xəstəlik zamanı əsasən tənəffüs yolları zədələnir.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov söyləyib.
O bildirib ki, xəstələrin əksəriyyətində ümumi əlamətlərlə (hərarətin yüksəlməsi, halsızlıq, zəiflik, iştahanın itməsi, sümük, oynaq, əzələ ağrıları və s.) ilə yanaşı, kataral əlamətlər (boğaz ağrısı, öskürək, burun axması və ya tutulması və s.) rast gəlinir:
“Əgər aşağı tənəffüs yolları zədələnərsə, xəstələrdə əlavə olaraq nəfəs darlığı, təngnəfəslik, sianoz və s. kimi əlamətlər də müşahidə oluna bilər.
Bu zaman kiçik kalibrli bronxların və ya ağciyərlərin də zədələnməsini göstərir. Əlamətlər o qədər oxşardır ki, laborator təsdiq olmadan hansı infeksiyanın baş verdiyini dəqiq deyə bilmərik. Qeyd etmək istərdim ki, bəzən eyni cür seyr edilən xəstəlikləri olan şəxslərdə müxtəlif törədicilər aşkar olunur. Lakin bu infeksiyalar bir-birindən müəyyən qədər fərqlənə də bilər”.
Mütəxəssisin sözlərinə görə, fərqləndirici əlamətlər əsasən onların xarakterik gediş xüsusiyyətləridir:
“Yəni ayrı-ayrı viruslarla xəstələnmə zamanı onlara xas olan tənəffüs yollarının hansı səviyyədə (yəni, yuxarı və ya aşağı) zədələnməsinin baş verməsi, inkişaf edə biləcək spesifik fəsadlar və bu fəsadların yaranma tezliyidir. Məsələn, qrip infeksiyası zamanı daha çox toksik-sirkulyator pozğunluqlar, güclü baş ağrıları, yüksək hərarət, bununla yanaşı mülayim kataral əlamətlər və traxeyanın, iri bronxların zədələnməsi daha çox rast gəlinir, burun və udlağın selikli qişası quru olur, üz şişir, qızarır, boğaz ağrısı, davamlı quru öskürək baş verir”. (lent.az)