Qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib.
Qlobal.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” qanunda etiketləmə tələblərinə dair yeni qaydalar yer alıb və yanvarın 1-dən qüvvəyə minir.
İstehlakçıların qavrama və informasiya ehtiyaclarının fərqliliyi nəzərə
alınaraq hazırlanan müddəalar qida məhsulları haqqında məlumatların
düzgün təqdim edilməsi yolu ilə istehlakçı hüquqlarının müdafiəsinin
təmin edilməsi məqsədi daşıyır.
Yeni qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas
olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu
üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların
aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə
bilər.
Məlumata görə, aparılan müşahidələr istehlak bazarında bu kimi halların
mövcudluğunu üzə çıxarıb. Belə ki, bütün analoji qida məhsulları ilə
eyni xassələrə sahib olduğu halda, müəyyən bir qida məhsulunun xüsusi
xassələrə malik olduğuna və tərkibində xüsusi inqrediyentlərin və ya
qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı
məhsullara rast gəlinir.
Bu hal həmin məhsulların digər analoji məhsullardan daha üstün olması
təəssüratı yaratmaqla, istehlakçılarda yanlış fikrin formalaşmasına
gətirib çıxarır.
“Qida təhlükəsizliyi haqqında” Qanunda yer alan müvafiq tələb məhz bu
kimi halların mövcudluğunu aradan qaldırmağa xidmət edir. Qanuna əsasən,
sahibkarlıq subyektləri tərəfindən eynixassəli oxşar qida məhsullarının
hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.
Eyni zamanda yeni qanuna əsasən, qida məhsullarına “müalicəvi”, “pəhriz”
kimi adların verilməsi ləğv ediləcək. Belə ki, hər hansı bir qida
məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını
alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar
verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni
qanunla qadağan edilib.