pul

Yeni cərimələr müəyyənləşdi - RƏSMİ

Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsinə görə yeni cərimələr müəyyənləşib. 

Qlobal.net-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. 

Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan telekommunikasiya vasitələri və qurğuları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək. 

Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsinə və idxalına görə inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər beş yüz manat məbləğdə, vəzifəli şəxslər doqquz yüz manat məbləğdə, hüquqi şəxslər min beş yüz manat məbləğdə cərimə olunacaq. 

Məcəllənin 363.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər min manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər iki min beş yüz manat məbləğdə cərimə ediləcək.

04.02.2023 16:41
show 805