Yazıçıdan İlkin Süleymanovla bağlı sensasion açıqlama: "Evindən "viaqra" tipli dərman tapılır, deyirlər..."
“Ehtimal yeri
qoymadan adamı gözübağlı müdafiə edənlərə sual verirəm: Yekə kişilərin
qız uşaqlarını oğurlaması faktı azdırmı dünyada? Sübutsuz-sənədsiz
ölkənin ədəbiyyatında, mədəniyyətində, mətbuatında, televiziyasında 25
illik əməyi olan insana rahatca şər ata bilərsən, amma rəsmi sənədlərdə
bu qədər fakt ola-ola adamın cinayət etdiyinə inana bilməzsən. Harada
görmüsünüz zərərçəkmiş tərəf qala-qala təqsirləndirilən tərəfə bu qədər
meydan verilsin? Sual verirəm, ananın xalatındə uşağın lifi nə gəzirdi?
Həyasızlıq etməklə deyil, ortada suallar, rəsmi ittihamlar var. Adamın
adı bir uşağın qətlində hallanır, özü də elə-belə qətldə yox,
vəhşicəsinə, amansızca bir cinayətdə. Uşağın başına zərbə vurub
öldürəndə qan sıçramasın deyə 13 qat parça bağlamaqda suçlanır, həmin
parçanın eynisi bacısının evindən çıxır, evindən “viaqra” tipli dərman
tapılır, deyirlər, “o yaşlı atamızındır”; anasının xələtindən uşağın
geyim lifləri çıxır, tapılan saç tükü uşağın tüküylə oxşar olur, qan
ləkəsi uşağın qan qrupuyla eynidir-ittiham aktında var; peşəkar
ekspertlər günlərlə yanına həbsxanaya gedib səhərdən axşama kimi
danışdırıb rəy verirlər, saatlarla meyit üzərində ekspertiza aparılır.
Saysız-hesabsız fakt aşkarlanır. Amma biz ağzımızı açıb fikir deyə
bilmərik”.Bunu yazıçı Aysel Əlizadə Tovuzun Dondar Quşçu kəndində 10
yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin
Süleymanovla bağlı bildirib.
“Bir anlıq o uşağın keçirdiyi
hissləri təsəvvür edin - cinayətin masştabını. Bu boyda cinayəti sübut
etmək olmur - mənə işgəncə veriblər, ona görə qətl ssenarisi qurub
danışmışam, deyir. Amma biz bir kəlmə danışanda sifarişli, agent oluruq.
Amerikada Beynəlxalq Cəsarətli Qadınlar ödülü alan vəkil mənə
ironiyayla yazır ki, belə canınız yanır ailəsinə vəkil tutun. Amerikada
ödül almaqla olmurmuş bu işlər. Anlayıram, ödəniş yoxdur, kömək etmir.
Heç olmasa, edənlərə ən kiçik dəstək təklif etmək olar, “nə hüquqi
məsləhət lazım olsa edərəm” demək olar. Bu nə ironiyadı? Həmcinsini, bir
yazıçını uşağın ictimai müdafiəsini etdiyi üçün ələ salmaq, günahkar
çıxarmaq cəhdinin adı nədi? Görəsən, Amerikada bu hərəkətə necə
baxardılar? İki ildən çoxdur məhkəmə gedir. Vəkil ödənişini çatdırmaq
üçün gərək buna maddi imkanın ola. Biz yalnız uşağın haqqını qorumaq
istəyənlərlə birləşib bunu edə bilərik. Qarşı tərəf əlində olan hər
şeyini satıb məhkəmələrə, ictimailəşdirməyə yatırıb. Maşallah olsun,
kafeləri, dükanları, torpaqları, evləri hər şeyləri olub. Arxalarında
Tovuz klanı dayandığını deyənlər var. Mənim də gücüm nəyə çatır onu
edirəm, başqa nə etməliyəm? Zəhmət qoyuram, əsəb, vaxt itirirəm, ittiham
aktını gedib Tovuzdan uşağın ailəsindən alıb oxumuşam, bir-bir
şahidlərlə danışmışam, ailəsi ilə görüşmüşəm, məhkəməsində olmuşam,
yazmışam, canlı yayın etmişəm, gücüm çatan maddi dəstək vermişəm. Daha
nə olsun, adam başqa necə can yandırır? Bütün bunların qarşılığında necə
bir kimlik olmalısan ki, mənə “boş-boş yazırsan” deyəsən. İctimai
vəkillik statusunu ləğv ediblər ölkəmdə. Əslində, ictimai vəkillik sivil
ölkələrdə praktikada görünmüş çox normal mövqedi. Adamların təfəkkürünə
görə mövqeyin onlarla üst-üstə düşmürsə səhvdir. Bəlkə siz haqlı
deyilsiz? Bəlkə mən haqlıyam?
Bu ölkədə indiyəcən hansısa
ədalətsizliyə susduğumu görən varsa, desin. Uşağın ailəsini
danışdırdığım, saxlanılan adamın suçlu olduğuna inandığım üçün özlərində
məni təsəvvürlərində belə dəqiq cıza bilmədikləri bir planda suçlamaq
haqqı görürlər. Soruşsan, səncə həqiqət necədir, dəqiq, sistemli,
məntiqə uyğun bir cavab verə bilməzlər. Mücərrəd-mücərrəd şeylər
danışırlar. Bunu da şəxsimi şəxsən tanıyanlar susaraq izləyir. Haqlı
olduğumu bilənlər belə… Ən azı “biz bu qadını tanıyırıq, onun ən yaxşı
yerlərdə oturmaq şanslarından imtina etdiyini, azad fikrini heç nəyə
qurban vermədiyini anlamağa böyük ağıl lazım deyil” söyləyə bilərdilər.
Amma susurlar… O zaman bizim heç nəyə mənəvi qarantımız qalmır. Sabah
yenə belə bir hadisə olsa, adam çıxıb “işgəncə verdikləri üçün boynuma
götürdüm” desə, cəmiyyət ona inanacaq. Və biz heç vaxt hüquqi, ağıllı
məmləkətə çevrilə bilməyəcəyik. Hüquq sistemimizdə böyük problemlərin
varlığı, həbs edilən hər kəsin suçsuz olması anlamına gəlmir. Bu
yanaşmayla, gərək bütün cinayətkarları buraxsınlar. Məncə, biz çox
dözdük bu adamlara. O qədər meydan verdik, susduq ki, ağızlarına gələni
danışdılar. Bir cəmiyyətin bəlkə də özü bilmədən, bu qədər haqsızlıq
etməsinə imkan yaratmaq bizi qorxulu yerlərə aparır. Təhlükəni
təsəvvürünüzdə canlandırın. Bütün professional mediaçı dostları, ictimai
xadimləri, məsuliyyətli, vicdanlı vətəndaşları Nərmin balaya sahib
çıxmağa, onun hüquqları ətrafında birlik sərgiləməyə çağırıram. Danışın,
heç olmasa, ittiham əsasında bu uşağa edilənləri dilə gətirin,
birtərəfli mövqeyə imkan verməyin. Selin qarşısında dayanmaq olmur.
Yalnız! Dağ olsan, mümkündür” – A.Əlizadə qeyd edib. (Pravda.az)