Yay aylarında səbirsizliklə gözlənilən qarpız bu günlərdə bütün piştaxtalarda öz yerini alıb. Buna görə də hər kəsin ağlında eyni suallar var:
“Qarpız necə seçilməlidir?”, “Yaxşı qarpız necə tanınır?”
Ən şirin, ən sulu, ən qırmızı qarpızları süfrəmizə gətirmək istəyirik və bir daha çatlamamış, yetkinləşməmiş qarpızlarla qarşılaşmaq istəmirik. Lakin “Seçmədi, seçmədi!” deyə satılan, hər alıcısının əl çırparaq təyin etməyə çalışdığı bu yay meyvəsinin yaxşısını tanımaq hər kəsin bacardığı bir iş deyil.
Qlobal.net bildirir ki, bu səbəbdən də “Qarpızın yaxşısını bir baxışda tanıyıram” deyənlərin belə bilmədiyi ən gizli məqamları sizə təqdim edirik. Məqsəd odur ki, hər kəs yaxşı qarpızı asanlıqla seçə bilsin, hər evə ən ləzzətli qarpızlar girsin.
Bu məsləhətləri yadda saxlayın, çünki bu yay çox işinizə yarayacaq.
Əgər qarpızın üzərində hörümçək toruna bənzər çatlar və qəhvəyi nöqtələr varsa, bu, həmin qarpızın böyüyərkən arılar tərəfindən tez-tez ziyarət olunduğunu göstərir. Bu ziyarətlər nə qədər çox olubsa, qarpız da bir o qədər şirin və ləzzətli olur. Yəni bu çatlar qarpızın keyfiyyətli olduğunu göstərir.
Qarpızın böyüyərkən yerə toxunan alt hissəsi nə qədər sarıdırsa, o qədər dadlıdır. Tam yetişmiş qarpızlarda bu sarı rəngi aydın görmək olur və dadı doyumsuz olur. Əgər həmin hissə ağ rəngə yaxındırsa, bu, o qədər də şirin olmayacağını göstərir.
Adətən “qarpız nə qədər böyükdürsə, bir o qədər yetişib” deyilsə də, böyük qarpız həmişə yaxşı çıxacaq deyə bir qayda yoxdur. Əksinə, çox böyük və ya çox kiçik olmayan orta ölçülü qarpızlar seçmək daha məqsədəuyğundur. Həmçinin, qarpız ölçüsünə görə mütləq ağır olmalıdır. Bunu da unutmayın.
Çoxları bilməz, amma fermerlər qarpızları “cinslərinə görə” ayırırlar. Uzun və oval formalı qarpızlar “erkək”, daha yumru formalı qarpızlar isə “dişi” sayılır. Erkək qarpızlar daha sulu, dişi qarpızlar isə daha şirin olur.
Qarpızın sapı belə onun yetişib-yetişmədiyini göstərir. Əgər sapı quruyubsa, bu, qarpızın tam yetişdiyini bildirir. Sapı yaşıl və təzədirsə, deməli, o hələ tam yetişmədən yığılıb. Bunu da nəzərə alın.
Murad
Qlobal.net