"Bu ilin ilk 7 ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 925,3 manat olub".
Qlobal.net xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir: "Yəni bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq. Hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir. Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əmək haqqında artım tempinə, pensiya kapitalı isə inflyasiya göstəricisinə indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur".