Avto

Yağışlı havada maşın sürərkən ən çox buraxılan 5 səhv

Yağışlı hava şəraitində avtomobil idarə etmək quru yolda sürməkdən xeyli fərqlənir.

Avtomobil sürücülük təlimçiləri qeyd edir ki, yolun sürüşkən olması, görünüşün zəifləməsi və təkərlərin tutma gücünün azalması sürücülük zamanı daha çox diqqət tələb edir. Təəssüf ki, bir çox sürücü yağışlı havada bəzi sadə, lakin təhlükəli səhvlər buraxır.

Qlobal.net avtotəlimçinin məsləhətinə əsasən bu səhvlərdən ən çox rast gəlinən 5-ni təqdim edir.

1. Yüksək sürətlə hərəkət etmək

Yağış zamanı yol səthi sürüşkən olur və təkərlərin yola yapışma qabiliyyəti azalır. Buna baxmayaraq, bir çox sürücü sürəti azaltmır. Bu isə hidroplaning (təkərlərin su üzərində sürüşməsi) riskini artırır. Yağışlı havada həmişəkindən 20-30% daha az sürətlə hərəkət etmək təhlükəsizlik üçün vacibdir.

2. Qəfil əyləcləmə və manevr

Sürüşkən yolda qəfil əyləcləmək və ya iti dönmək təkərlərin tutuşunu tam itirməsinə səbəb olur. Nəticədə avtomobil idarəetmədən çıxır. Bu səbəbdən yağışlı havada yumşaq əyləcləmə və dairəvi hərəkətlər daha məqsədəuyğundur.

3. Farasız və ya zəif işıqlardan istifadə

Yağış zamanı görünüş kəskin azalır. Buna baxmayaraq, bəziləri farlara fikir vermir və ya yalnız “qısa işıq” rejimini açır. Halbuki, yağışda farlardan və arxa işıqlardan istifadə həm sizin, həm də digər sürücülərin sizi görməsini asanlaşdırır.

4. Şüşəsilənlərin vəziyyətinə əhəmiyyət verməmək

Köhnəlmiş və ya zədələnmiş şüşəsilənlər yağış suyunu tam təmizləyə bilmir, nəticədə görünüş zəifləyir. Sürücülərin çoxu bu detala fikir vermir. Yağışlı fəsil başlamazdan əvvəl şüşəsilən rezinlərini dəyişmək və yeterli miqdarda şüşə yuma məhlulu saxlamaq vacibdir.

Avtomobillər haqda mühüm xəbərləri buradan oxuyun: Avtoxəbərlər

5. Təkərlərin vəziyyətinə nəzarət etməmək

Sürüşkən yollarda təkərlərin vəziyyəti həyati əhəmiyyət daşıyır. Aşınmış və diş dərinliyi az olan təkərlər suyu lazımi qədər ötürə bilmir. Nəticədə avtomobil yolda asanlıqla sürüşə bilər. Yağış mövsümündə təkərlərin diş dərinliyini və hava təzyiqini mütəmadi yoxlamaq lazımdır.

Emin Əzimoğlu
Qlobal.net

Related Articles

Bir cavab yazın

Back to top button