“Ya Hüseyn" adlı səhifə açaraq canlı yayıma çıxdı, bunu bilən əri isə... – ŞOK TƏFƏRRÜAT
O bunu şəxsiyyətini aşağılayıcı hərəkətlər kimi qiymətləndirib və qısqanclıq zəminində Südabəni öldürmək qərarına gəlib.
Qlobal.net teleqraf.com-a istinadən xəbər verir ki, Əfqan hadisə günü saat 19
radələrində Südabənin yaşadığı evdən çıxaraq dükana getdiyini görüb.
Qadının arxası ilə irəliləyərək bıçaqla onun kürək və boyun nahiyəsinə
zərbələr vurub. Südabə yerə yıxdıqdan sonra bıçaqla sifət nahiyəsinə də
zərbələr endirib. Növbəti bıçaq zərbələri ilə Südabəni həyatdan məhrum
etmək istəsə də, birgə nikahdan olan qızı Səidə oğlu Əli ilə hadisə
yerinə çatıb, onun qarşısına kəsiblər.
Vaxtında xəstəxanaya çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində Südabənin həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 29,
120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz
silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma
və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya
ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə
ittiham elan edilib.
"Bu məni qısqandırıb"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan
ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, tutulana qədər Görədil
kəndindəki evində tək yaşayıb, rəsmən heç bir yerdə işləməyib: "1991-ci ilin yanvarından 2017-ci ilin axırına qədər Xəzər dəniz
gəmiçiliyində sürücü işləmişəm. 2017-ci ildə işdən azad olunmuşam. Həmin
vaxtdan 2018-ci ilə qədər müxtəlif iş yerlərində çalışsam da, 2018-dən
işsizəm.
Ağdam rayon sakini Südabə ilə 1987-ci ildə ailə həyatı qurmuşam. Həmin
nikahdan 2 övladım dünyaya gəlib. 1987-ci ildən 2018-ci ilə qədər bir
evdə yaşamışam. Evliliyimizin ilkin və sonrakı dönəmlərində
münasibətlərimiz normal olub, axır illər ailə-məişət zəminində
münaqişələrimiz olub. Münaqişələr 2018-ci ildən etibarən bizi ayrı
yaşamağa vadar edib.
Münaqişələrin əsas səbəbləri işdən azad olunmağımdan sonra Südabənin
işləyərək dolanışığı təmin etməsi, özünü ailədə məndən üstün tutması,
məni saymaması olub.
İşlədikdən sonra onun geyimində, davranışlarında dəyişikliklər yarandı,
öz xarici görünüşünə daha çox fikir verdi. Özünü yaşına uyğun olmayan
şəkildə aparır, daha qısa geyimlər geyir, evə bəzən gec gəlirdi. Bu da
məni əsəbləşdirir və qısqandırırdı".
"Söhbəti böyütmək istəmədim"
Təqsirləndirilən şəxs qeyd edib ki, beləcə, ailə-məişət zəminində
çoxsaylı mübahisələr ediblər, 2018-ci ildə Südabə evdən çıxıb və qızı
Səidənin evində qalmağa başlayıb: "Biz Görədil kəndində qonşu həyətlərdə
yaşayırdıq. Bu səbəbdən Südabəni tez-tez görürdüm.
Südabə bundan sonra mənə məhəl qoymur, öz xarici görünüşü və hərəkətləri
ilə mənə acıq verirdi. Hətta tanımadığım maşınlarla evə gəlirdi. Bu da
məndə belə bir fikir yaratmışdı ki, onun hansısa kişi ilə şəxsi
münasibəti var və ya əxlaqsız həyat tərzi keçirir.
Südabə "TikTok" sosial şəbəkəsində səhifə işlədir, canlı yayımlar da
açırdı. Südabə ilə ayrı yaşasaq da, rəsmən hələ də nikahda olduğumdan
bütün bunları özümə sığışdırmadım. Beləcə Südabəni öldürmək qərarına
gəldim. Bir neçə dəfə bu fikir beynimdə dolaşdı, sonra imtina etdim.
Hadisədən təxminən 2-3 ay öncə qızım Səidənin yaşadığı evin həyət
qapısını döydüm və Südabənin harada olmasını soruşdum. Bu hərəkətləri
ilə bağlı onunla yekun söhbət aparmaq istəyirdim. Hətta söhbət əsnasında
Südabəni öldürə də bilərdim.
Qızım həmin zaman Südabənin evdə olduğunu dedi. Mən isə evə girmək
istəmədiyimi bildirdim, Südabəni çölə çağırdım. O, çölə çıxmadı.
Səidənin böyük oğlu, yəni nəvəmi gördüm. Onlara ürəyim yandığı üçün bu
söhbəti böyütmək istəmədim və oradan getdim".
"Mən axı sənə nə etmişəm?"
Əfqanın sözlərinə görə, bütün günü evdə olub, axşam saat 19 radələrində
siqareti olmadığı üçün dükana getmək istəyib: "Üzərimdə boz rəngli
paslanmış bıçaq da vardı. Bıçağı adətən üzərimdə gəzdirirdim. Onu
təxminən 5-10 il əvvəl tanımadığım şəxsdən təsərrüfatda işlətmək
məqsədilə almışdım.
Görədil kəndində evimin qarşısında olan zaman Südabənin evdən çıxıb yol
ilə harasa getdiyini gördüm. Həyət qapımdan bir neçə metr uzaqlaşarkən
onun nalayiq hərəkətləri, özünü cəmiyyət içərisində normal aparmaması,
bu hərəkətləri ilə məni daim qıcıqlandırması yadıma düşdü. Bıçaqla
xəsarət yetirərək onu öldürmək istədim.
Sağ əlimdə bıçaqla Südabənin arxasıyca gedərək onun kürək və boyun
nahiyəsindən, səhv etmirəmsə, 3 bıçaq xəsarəti yetirdim. Zərbələrin
təsirindən o, yerə yıxıldı. Yerdə olarkən Südabə "mən axı sənə nə
etmişəm?" dedi və qışqır-bağır salmağa başladı.
"Bundan artıq nə etməli idin ki?" deyərək ölməsi üçün onun bədəninin
müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi də endirmək istədim. Südabə
yerdə uzanılı vəziyyətdəydi, mən onun üzərinə çıxdım. Bıçaq zərbəsinin
gözünün altından tutduğunu və "xarç" səsi gəldiyini eşitdim".
"Məqsədim öldürmək idi"
Əfqan bildirib ki, hadisə zamanı Südabənin sifət nahiyəsinə bir zərbə
endirdiyi yadındadır: "Ola bilsin, daha çox xəsarət yetirmişəm.
Südabə növbəti zərbələrdən qorunmaq üçün əlini sifətinə tərəf tutdu.
Qışqırıq səslərinə kənardan qızım və nəvəm qaça-qaça gəldilər. Onlar
mənim qarşıma keçdilər. Növbəti zərbələri endirmək niyyətim olsa da,
qızım və nəvəmi görərək bıçağı arxamda gizlətdim. Sonra isə bıçağı yerə
atdım. Bu zərbələrdən Südabənin öləcəyini düşünərək evə getdim.
Hadisə zamanı ətrafında kimsə yox idi. Qızım və nəvəmin gözü önündə
Südabəni bıçaqlamamışam. Südabəyə bir neçə bıçaq zərbəsi endirmişəm,
yəni məqsədim onu öldürmək olub".
"Guya fahişəliklə məşğul olurdum"
Zərərçəkmiş Südabənin sözlərinə görə, hadisə baş verən günə qədər Ayna
Sultanova parkının yaxınlığında yerləşən kənd təsərrüfatı malları
dükanında xadimə işləyib: "Həmçinin üç ildir "Tik Tok" sosial
şəbəkəsində "Ya Hüseyn" adlı səhifə işlədir, canlı yayımlar açaraq gəlir
əldə edirdim.
Görədil sakini Əfqanla 1987-ci ildə evlənmişəm. Həmin nikahdan iki
övladımız dünyaya gəldi. Evliliyimizin ilk dövründə ailə-məişət
zəminində xeyli mübahisələrimiz olurdu. Əfqan məni dəfələrlə döymüşdü.
Lakin ailəmin dağılmaması xatirinə bu barədə hüquq-mühafizə orqanlarına
müraciət etməmişəm.
Əfqan əvvəllər rəsmi olaraq işləsə də, qazancından ailəyə heç bir məbləğ
vermirdi. İşdən çıxdıqdan sonra isə spirtli içkilərdən istifadə edir,
tüfeyli həyat tərzi sürürdü. Belə olduqda məcbur qalıb işləməyə
başlamışam. Ailənin dolanışığını özüm təmin etmişəm. Lakin qazandığım
pulları Əfqan məndən alaraq özü üçün xərcləyirdi.
Sonralar Əfqan mənə evdə normal yaşamağa imkan vermədi. Mənim guya
fahişəliklə məşğul olduğumu bildirirdi. Xarici görünüşümə və geyimimə
fikir verdiyim üçün mənim başqa kişilərlə şəxsi və intim münasibət
saxladığımı düşünürdü.
Vəziyyətin dözülməz hala gəldiyini görüb bir neçə il əvvəl birgə
yaşadığımız evdən çıxdım. Qızım Səidənin evi çəpər qonşuluğunda
yerləşdiyi üçün onunla qalmağa başladım. Bundan sonra Əfqanla əlaqəm
kəsildi. Əfqan evində tək qalırdı. Yəni rəsmi olaraq boşanmasam da,
faktiki ər-arvad kimi də yaşamamışam".
"Dedi, səni öldürəcəm"
Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat təxminən 17 radələrində işdən icazə alaraq çıxıb: "Təxminən saat yarım sonra evə çatdım. Qızım Səidə və nəvəm evdəydi.
Həmin gün maaş da almışdım. Kənddə yaşayan Musa adlı şəxsin dükanına 150
manata yaxın borcum olduğundan borcu ödəmək istədim.
Təxminən yarım saat sonra, yəni axşam saat 19 radələrində evdən çıxdım.
20-30 metr getdikdən sonra Əfqanın evinin yanındakı dalandan ayrıldım.
O, arxadan məni səsləyərək "bir dəqiqə dayan" dedi. Arxaya dönüb məndən
nə istədiyini soruşdum. Bu zaman Əfqan "səni öldürəcəm" dedi və digər
nalayiq ifadələr işlətdi, mənə tərəf gəlməyə başladı. Üzü dükana tərəf
qaçmaq istədim.
Bu zaman Əfqan məni arxadan tutaraq boyun və kürək nahiyəmdən bıçaqla
bir neçə zərbə vurdu. Zzərbələrin sayını bilmədim, yerə yıxıldım. Kürəyi
üstə yerdə uzanılı şəkildə olarkən Əfqan bir əli ilə saçımdan tutdu,
ayaqları ilə qarnımı sıxaraq üzərimdə oturdu".
"Səsimə qızım və nəvəm gəldilər"
Zərərçəkmiş bildirib ki, qışqıraraq qızını, ətrafdakı insanları köməyə
çağırmağa çalışıb: "Əfqan əllərimi ayaqlarının arasına alaraq sol əli
ilə boğazımdan tutdu. Sağ əlindəki bıçaqla isə sifət nahiyəmə zərbələr
endirməyə başladı. Bıçaq sol qaşımın üstünə dəydi və içəri girdi.
Növbəti zərbələri vurmağa çalışanda əlimlə sifət nahiyəmi tutdum. Əfqan
macal taparaq mənim sol gözümün alt hissəsinə də güclü bıçaq zərbəsi
endirdi.
Qışqırıq səsinə qızım və 10 yaşlı nəvəm evdən çıxaraq qaça-qaça
gəldilər. Əfqan növbəti zərbələrini endirməyə çalışanda qızım onu
itələdi, üstümdən yerə yıxdı.
Əfqan mənim öləcəyimi düşünərək üstümə gəlmədi. Oradan uzaqlaşdı. Bir
anlıq huşumu itirdim. Qızım məni silkələyərək ayıltdı. Üzbəüz qonşunun
həyətinə saldı və qapını bağladı. Vəziyyətimin ağır olduğunu görüb çölə
çıxdı, yoldan keçən maşını saxlatdırdı və məni "Semaşko" xəstəxanasına
apardı. Orada bir gecə müalicə aldım. Sonra evə buraxıldım. Müalicəmi
evdə davam etdirdim".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Əfqan 7 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum
edilib.