649dd49ee9d12202306235942
“Xoşqədəmin, Zaurun, Elgizin verilişi kimə lazımdır?” - Hafiz Hacıyevdən ittiham

Azərbaycan teleməkanı son illər mütəmadi təndiq olunur. Həm adi tamaşaçılar, həm də teletənqidçilər telekanalların səviyyəsindən tez-tez narazılıq edirlər. Onların iddiasına görə, əksər telekanallar bayağı, ucuz şou-proqramlarla, bir sıra hallarda aşağı səviyyəli verilişlərlə efiri doldurmaqla məşğuldur. 

Qlobal.net bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının başqanı Hafiz Hacıyev bildirib ki, hazırda Azərbaycanda bəzi telekanalların durumu arzuolunmaz səviyyədədir. İzləyicilərin dünyagörüşünün zənginləşməsi, maariflənməsi ilə bağlı böyük problemlər mövcuddur:

“Bu gün televizoru açırsan və baxmağa heç nə tapmırsan. Axı nəyə baxasan?! Bu qədər məişət mövzulu, bayağı verilişlərə nə ehtiyac var? Olmayan şeydən mövzu qoşurlar, sensasiya yaradırlar. Bəzən efirdə “dava” düşür, bu yolla reytinq qazanmaq, sensassiya yaratmaq istəyirlər və alınmır. Bu da millət tərəfindən ikrah hissi ilə qarşılanır. Düşünürəm ki, bu məsələ haqda ciddi tədbir görülməlidir.  Bu gün dünyada informasiya müharibəsi, ideoloji çatışma gedir. Beyin müharibəsində oxunan, güclü internet saytlarının önəmi daha böyükdür, nəinki Xoşqədəmin, Zaurun, Elgizin verilişinin. Bu verilişlər kimə lazımdır? Bizə bu tip verilişlər lazım deyil”. 

Siyasətçinin sözlərinə görə, yerli telekanallarımızda bayağı şou verilişləri dəbdədir. Elə bu səbəblərdən də onlar  baxımlılığını itirib və Azərbaycan tamaşaçısı xarici kanalların zləyicisinə çevriliblər:

“Mənə lazımdır televizoru açanda öyrənim ki, Fransa niyə Ermənistana silah vermək istəyir, yaxud Qarabağ məsələsində Paşinyan niyə vaxtı bu qədər uzadır? Mənə siyasi təhlillər və bu təhlili edə bilən peşəkarları dinləmək lazımdır. Çünki son zamanlarda efirlərə təhlilçi kimi elə adamları çıxarırlar ki, onların heç bir çəkisi yoxdur, xalq onları tanımır. İnsanlar tanımadıqları adamın fikirlərinə necə inansınlar?  Bu da bir siyasətdir, görünür, kimlərəsə maraqlıdır ki, dövlət başçısının apardığı uğurlu siyasətə kölgə salsın. Hələ ki, 5-ci kolonun uzantıları çoxdur. Yerli telekanallar maarifləndirmə işi ilə məşğul olmurlar. İnsanlar da düşünür ki, elə bunlara baxıb vaxtımı aparınca, gedib xarici kanallara baxıb mənə lazım olanı öyrənərəm. Olmazmı ki, tamaşaçı bunu elə yerli kanallardan öyrənsin? Bu baxımdan düşünürəm ki, yerli telekanallarda olar yersiz, bayağı hərəkətlər yolverilməzdir.  Heç olmasa, dövlət başçısının gecə-gündüz çalışdığı siyasətə qiymət versinlər və onu təbliğ etsinlər. Hayıf bizim dövlətin vergidən yığılan pullarına ki, bu telekanallara gedir. Adam televizoru açanda utanır, vallah, heç açıb baxmaq istəmirsən. Şəxsən mən yerli telekanallara baxmıram”. 

29.06.2023 22:58
show 886