Aparıcı Xoşqədəm Hidayətqızı müğənni Aysel Əlizadəyə məhkəmədə qalib gəlib.
Qlobal.net xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında aparıcının vəkili Ramil Qocayev məlumat bildirib:
“Mən Xoşqədəm xanımın həmin iş üzrə vəkili və nümayəndəsi olmuşam. Allaha şükürlər olsun ki, bu gün neçə vaxtdır uzanan məhkəmə prosesləri Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında, demək olar ki, yekunlaşdı. Aysel Əlizadənin vəkilləri və nümayəndələri tərəfindən məhkəmədə qaldırdıqları iddia Xoşqədəm xanıma aid olan hissədə təmin olunmadı, rədd edildi.
Burada təkcə Xoşqədəm xanım yox, başqa bir şəxs də cavabdeh qismində məhkəməyə verilmişdi. Həmin şəxsə aid olan hissədə qismən təmin olundu, amma Xoşqədəm xanıma aid olan hissədə isə, ümumiyyətlə Aysel Əlizadə tərəfindən qaldırılmış iddianın tələbləri rədd olundu, təmin olunmadı. Bu iş uzun müddətdir gedir.
Biz ilk qələbəmizi 2021-ci ilin noyabrında aldıq. Ondan sonra işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytartdırdıq. Yenidən normal araşdırılmasına nail olduq. İş 2-ci dəfə araşdırıldı. Yekun olaraq bugünkü tarix üçün qərar verildi və qətnamə qəbul olundu. Həmin qətnamə hələ ki, qanuni qüvvəyə minməyib.
Böyük ehtimalla Aysel Əlizadə tərəfindən, yəqin ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti veriləcək. Biz ədalət naminə yenə də çalışacağıq ki, Bakı Apellyasiya Məhkəməsinin Xoşqədəm xanıma aid olan hissədə qüvvədə saxlanmasını təmin edək, haqqı, ədaləti bərpa edək”.
Qeyd edək ki, Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində Turanə adlı qadın müğənni Aysel Əlizadənin onun ailəsini dağıtdığı haqda ilginc açıqlamalar verib. Proqramda yaşanan gərgin anlardan sonra müğənni aparıcını məhkəməyə vermişdi.