Xocalı Soyqırımı günü çəkildiyi deyilən fotonun sirri: Həmin qadın görün kimdir - VİDEO
Uzun illərdir ki, Azərbaycan mətbuatı bir şəkli Xocalı sakinləri kimi təqdim edir. Amma həqiqət başqadır.
Bu şəklin də çox maraqlı tarixçəsi var. 24 il əvvəl çəkilmiş fotoda
olan şəxs Kəlbəcər rayon sakini Bayramova Həyat Fikrət qızıdır. O
hazırda Goranboyun Buzluq kəndi ərazisində, 3 uşağı ilə birgə yaşayır.
Maddi vəziyyəti acınacaqlı olan Həyat xanım valideynlərinin qoyub
getdiyi evdə tək 3 uşaq böyüdür. Həyat Bayramova 12 yaşında erməni
işğalı nəticəsində öz doğma yurdundan ayrı düşür. Mətbuatda böyük
səs-küyə səbəb olan həmin foto da məhz o gün çəkilib.
Həyat xanım Femida.az -a bir şəklin tarixçəsini belə açıqlayıb: "… Həmin günü həyətimizə gələn su donduğu üçün bulqadan su
gətirməyə getmişdim. Gördüm ki, qonşumuz saçını yolub, qışqırır. Deyirdi
ki, ermənilər tuneli alıb, kəndə çatır. Mənim cəmi 12 yaşım var idi.
Bunu eşidib, evə qayıtdım. Artıq hamı bir-birinə qarışmışdı. Atam da
həmin günü evdə deyildi. Anam bizi çətinliklə yola çıxardı. Biz də
ailədə 7 uşağıq. Anam bilmirdi ki, hansımızı aparsın. Artıq yolun
başında köç maşınları dayanmışdı. Anam bizi çayın qırağındakı körpünün
yanına gətirdi. Orada bizi yük maşınlarına mindirdilər.
Murovu çətinliklə aşdıqdan sonra Xanlar rayonunun girişində maşında
düşdük. Anam baxdı ki, qardaşım yoxdur. Bizi orada qoyub, geri qayıtdı.
Həmin vaxt balaca bacım da qucağımdaydı. Ətrafdakı səs-küydən,
qadınların ağlamağından qorxurduq. Tək qaldığımızı görən bir kişi bizə
yaxınlaşdı. O Molla Cəlilli kəndindən olan Alik dayı idi. Bizi götürüb,
evinə apardı. Onun həyat yoldaşı Yazgül xala bizi 15 gün evində saxladı.
Sonra atamla anam Molla Cəlilliyə gəlib, bizi tapdılar. Qardaşımı da
kənd cammatı çıxanda Kəlbəcərdən Bərdəyə gətirmişdilər. Bir müddət
Bərdədə məskunlaşdıqdan sonra Goranboyun Buzluq kəndinə köçdük. 1994-cü
ildən bu evdə, Buzluqda yaşayırıq…
Mətbuatda yayılan həmin foto da bizim qaçqın düşdüyümüz gün
çəkilib. Bacım Fatimə acından və soyuqdan ağlayırdı. Onun cəmi 5 yaşı
var idi. Anam onu yun ədyala bükmüşdü. Bu günün özündə anam bacımı
bükdüyümüz o ədyalı saxlayır”.