Sosial şəbəkələrdə 1 saylı Xırdalan tam orta məktəbində çəkilən görüntülər müzakirələrə səbəb olub. Belə ki, 4-cü siniflərin buraxılış tədbirində valideynlərin Yaqut Ağamalıyeva adlı müəllimə qızıl zinət əşyası vermələri ilə bağlı görüntülər yayılıb. İddia edilib ki, valideynlər hədiyyəni müəllimin tələbi ilə alıblar. Müəllimənin hədiyyəyə etiraz etməməsi və rahat şəkildə qəbul etməsi sosial media istifadəçiləri tərəfindən etirazla qarşılanıb.
Metbuat.az məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxlayıb. Məktəbdən bildirildi ki, həmin müəllimin 35 illik pedaqoji fəaliyyəti var və bu, valideynlər tərəfindən planlaşdırılan addımdır: "Valideynlər qrupunda məsələni araşdırmışıq. Müəllimin heç bir xəbəri olmadan hədiyyə alıblar. O müəllimə imanlı xanımdır. Bu, məktəbimizə qarşı atılmış bir böhtandır. Bu xəbərdən sonra valideynlər bizimlə əlaqə saxlayaraq bildirdilər ki, bu yalan məlumatdır və hədiyyə valideynlər tərəfindən təşkil olunub. Hədiyyə müəllimə təqdim olunana qədər onun bundan xəbəri olmayıb".
Məsələ ilə bağlı sosial şəbəkələrdə yayılan həmin görüntüləri təqdim edirik: