Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq edib.
Bu barədə Qlobal.net-ə Şuradan məlumata verilib.
Qeyd olunub ki, Audiovizual Şuranın onlayn formatda iclası keçirilib.
İclasda
ümumölkə yerüstü televiziya yayımçısı olan “Xəzər TV” MMC-nin “Xəzər
TV” redaksiyasının (kanalının) efirində 22.09.2022-ci il tarixdə "Media
haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.12-ci maddəsinin
tələbinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və
ya digər xürafələrin təbliğinə yol verilməməlidir) pozulması faktı
müzakirə olunub.
Belə
ki, “Xəzər TV” televiziya redaksiyasının “Xəbər ertəsi” proqramında 22
sentyabr 2022-ci il tarixdə saat 09.14 – 09.22 arası Binə qəsəbəsində
yaşayan bir ailənin evində baş verməsi iddia olunan paranormal
hadisələrlə bağlı süjet yayımlanıb.
Bu
xəbərin yayımlanması zamanı redaksiyanın müxbiri aşağıdakı fikirləri
səsləndirib: “Qəribə varlıqlar əşyaların yerini dəyişir, evi daşlayır,
qabları sındırır, qorxulu səslər çıxarır...biz də 10-15 dəqiqədir ki,
artıq evin içindəyik və bir neçə hadisəni görürük. Bizim burada
olduğumuz müddətdə qənd, daş və digər cisimlər atıldı. İndicə elə
telefonu bura atdılar”.
Daha
sonra süjetdə “Mən sizə əzab çəkdirəcəm. Ən sonda ehtiyacım olanı alıb
gedəcəm” yazısı olan kağız nümayiş etdirilib ki, müxbir ev yiyəsinin bu
yazının hansısa varlıqlar tərəfindən yazıldığını iddia etdiyini deyib.
Bundan
başqa süjetdə ezoterik, ekstrasens kimi təqdim edilən Zirəddin Rzayev
adlı şəxsin fikirlərinə də yer verilib: “Bu kimi hallar tez-tez baş
verir. Tarixdə görünən hallardır. Bəzən paralel aləmdən insanların
beyinlərinə təsir edərək, doğmalarına, adamlara xəsarət yetirirlər,
paltarlarını kəsirlər...bu cür halların qarşısının alınması insanların
dini inanclarına bağlıdır”.
Efirdə
bu cür reportajların yayımlanması ilə yanaşı həmin reportajda baş
verməsi iddia olunan paranormal hadisəyə redaksiyanın (hazırki halda
müxbirin) faktı doğrulayan, təsdiq edən münasibəti, eyni zamanda özünü
ekstrasens kimi təqdim edən şəxsin fikirlərinə yer verilməsi yayımçı
tərəfindən parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və
ya digər xürafələrin təbliğinə imkan yaradılması hesab olunur və bununla
da “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi
pozulur.
Aparılan
müzakirələrdən sonra Audiovizual Şura ümumölkə yerüstü televiziya
yayımçısı olan “Xəzər TV” MMC-yə (“Xəzər TV” televiziya redaksiyası)
belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq
ediləcəyi ilə bağlı xəbərdarlıq edib.