Xaricdən qayıdarkən telefon gətirənlərin nəzərinə! - Fevralın 15-dən...
2023-cü il fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən
ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında
bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata
alınmayacaq.
Bu barədə nazirliyin saytına məlumat yerləşdirilib.
Bildirilir ki, mobil telefonların bəyan edilməsi qaydalarına dair
Dövlət Gömrük Komitəsinə müraciət edilməlidir. Komitənin saytına isə
məlumat yerləşdirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin
9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq
şəkildə gömrük orqanına bəyan edilməlidir.
Bəyannamə yazılı, yaxud elektron köşklər, eləcə də e.customs.gov.az
portalı və ya "Smart Customs” mobil tətbiqi vasitəsilə elektron qaydada
gömrük orqanına təqdim edilə bilər.
Tanınmış texno-bloqer Fərid Pərdəşünas mövzu ilə bağlı bildirib ki,
əgər xaricdən smartfon alıb, ölkəyə gətiririksə, artıq məcburi bunu
bəyan etməli olacağıq:
"Əslində bu günə qədər də bu hal mütləq idi. Lakin yayınma halları
çox idi. Hər kəs gömrükdə tək-tək yoxlanılmırdı. Fevral ayının 15-dən,
əgər xaricdən gətirdiyiniz cihazı gömrükdə bəyan edib, rüsumlarını
ödəməsiniz (burada artıq IMEI kod bəyan olunmalıdır), həmin cihazı ölkə
daxilində IMEI qeydiyyatını həyata keçirə bilməyəcəksiniz. Bununla da
qaçaq yolla daha ucuz qiymətə satılan smartfonların bazarına ciddi zərbə
dəyəcək.
Poçt göndərişləri limiti 300 dollardır. Lakin heç bir poçt daşıma
şirkəti (yerli) smartfon gətirmir. Belə olan halda yalnız beynəlxalq
daşıma şirkətləri bu prosesi həyata keçirə bilir. Bu halda isə onsuz da,
gömrüyə məhsul bəyan edilirdi. Burada heç bir dəyişiklik olmaycaq.
Əsas məsələ məhsulu özünüz xaricdən alıb-gətirəndə başlayır. Qanuna
görə hər bir şəxs 800 dollar dəyərində məhsulu özü ilə ölkəyə rüsumsuz
gətirə bilər. Məsələn, siz 1000 dollara Amerikadan iPhone 14 alıb,
ölkəyə gətirirsinizsə, bu zaman onun IMEI kodunu gömrükdə bəyan
etməlisiniz. Və həmin məbləğdən 800 dollar azaldılacaq. Yerdə qalan 200
dollar üçün 36% rüsum ödəniləcək. Yəni rəsmiləşmə üçün 72 dollar
ödəniləcək. Əlavə olaraq istifadə üçün IMEI qeydiyyat rüsumu da 1 ay
müddətinə ödənilməli olacaq.
Burada əsas zərbə müxtəlif yollarla ölkəyə smartfon idxal edib,
daha ucuz qiymətə satan kiçik mağazalara dəyəcək. Düşünürəm ki, bu addım
öz növbəsində smartfonların IMEI klonlama hallarını artıra bilər". (baku.vs)