avtomobil

Xaricdən maşın gətirənlərə ŞAD XƏBƏR - VİDEO

Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq.

Komitədən Qlobal.net-ə verilən məlumata görə, yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin “Avro-4” ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.

Onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılır, qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin "Avro-4" ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndərilir.

Komitə tərəfindən gömrük prosedurlarının rasionallığının təmin edilməsi, rəsmiləşdirmə, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində tətbiq edilən bu yenilik məmnunluğun, şəffaflığın təmin olunmasına, növbələrin, vətəndaş-məmur təmasının aradan qaldırılmasına şərait yaradacaq.


29.09.2022 15:16
show 1355