Milli Məclisin deputatı Vüqar Bayramov qardaşı Qubad İbadoğlunun həbsinə münasibət bildirib.
Qlobal.net xəbər verir ki, Vüqar Bayramov son bir həftə ərzində xaricdə səfərdə olduğu üçün qardaşının həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanının olmadığını deyib: “Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə sorularını cavablandıra biləcəm. Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur.
İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəm.
Allah bütün məhbusların qapısını açsın”.