xəstəlik

Virusa hazırlıq BAŞLADI - Xəstəxanalarda ehtiyat çarpayılar saxlanılır

Hazırda TƏBİB-in tabeliyində olan tibb müəssisələrindəki yoluxucu xəstəliklər şöbələrində yetərli çarpayı ehtiyatı mövcuddur. 

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, qrip və digər respirator xəstəliklər əsasən ambulator şəraitdə müalicə olunur. Xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimləri tərəfindən müşahidə olunur və müalicələrini evdə davam etdirirlər.

“Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlər tibb müəssisələrinə hospitalizasiya olunurlar.

Məlumat üçün bildirək ki, Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsi və mərkəzin nəzdində olan Məhəmmədi Modul Tipli Xəstəxanasında yetərli çarpayı sayı mövcuddur".

Qeyd edək ki, Səhiyyə Nazirliyi Çində sürətlə yayılan virusla bağlı əhaliyə müraciət edib. Bildirilir ki, respirator və ya tənəffüs yolları ilə bağlı olan bu virusun adı metapnevmovirusdur (HMPV). Nazirliyin açıqlamasına görə bu xəstəlik Çinlə yanaşı, Azərbaycana qonşu olan Rusiya və Qazaxıstanda da aşkarlanıb.

Metapnevmovirus (Human MetaPneumoVirus - HMPV) qripəbənzər tənəffüs yolları xəstəliyidir. HMPV infeksiyasına ilk dəfə 2001-ci ildə rast gəlinib.

Lakin son günlər Çində yaşı 14-dən aşağı olan uşaqlar arasında bu xəstəliyin sürətlə yayılması ilə HMPV yenidən gündəmə gəlib. Bu virus adətən yüngül xəstəlik kimi qəbul olunsa da, pnevmoniya və bronxit kimi ağır nəticələrə də gətirib çıxarır. 

Virus daha çox uşaqlar və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir. Bundan əlavə, yanaşı xəstəlikləri olan - misal üçün, bronxial astma və ya ağciyərlərin xroniki xəstəlikləri olan insanlar da respirator virus infeksiyaları üzrə risk qrupuna daxildirlər. Azərbaycanın Səhiyyə Nazirliyi bu şəxsləri qrip əleyhinə peyvənd olunmağa çağırıb.

HMPV-yə yoluxmuş risk qrupuna aid xəstələrin ev şəraitində müalicə alması məqsədəuyğun hesab edilmir.

İmmuniteti güclü olan və yanaşı xəstəlikləri olmayan insanlarda respirator infeksiyalar əsasən fəsadsız keçir və onlar qısa müddətdə sağala bilirlər. Bu cür xəstələrdə müayinələrin rutin aparılmasına ehtiyac olmur.

Xəstəlik yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus infeksiyaları kimi adətən 7-10 gün ərzində aradan qalxır.

Əsas əlamətləri öskürək, burun axıntısı, nəfəs darlığı, temperaturun yüksək olmasıdır. Təbii ki, bu əlamətlər başqa viruslarda da görülə bilər. Ona görə də sadəcə əlamətlərə görə təyin etmək çətindir. Bunu ayırd etmək üçün mütləq burundan yaxma götürmək lazımdır. Bu şəkildə xəstədə hansı virus olduğunu söyləmək mümkündür.

Tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, COVİD-19 pandemiyası dövründə yayılan virus hələ ötən əsrin 60-cı illərində heyvanlardan insanlara keçib: "Ondan sonra mutasiya edərək SARS-CoV-1, MERS-CoV kimi virusları yaratdı. Bunun ardınca isə SARS-CoV-2 virusu pandemiya yaratdı. Yeni yayılan metapnevmovirusun hazırda pandemiya yaratmaq şansı və imkanı yoxdur. Çünki onu lokallaşdırmaq mümkün olub. Sadəcə olaraq, infeksiyanın hava-damcı yolu ilə yayılması xeyli insanı yoluxdura bilər. Biz qloballaşan dünyada yaşadığımıza görə Azərbaycana da gəlib çıxması mümkündür. Bəlkə də bu virus artıq ölkəmizdə yayılıb. Ona görə də özünü bir az nasaz hiss edən şəxslər mütləq həkimlə məsləhətləşsinlər, yataq rejimində olsunlar və ictimai yerlərdə gəzməsinlər ki, virus daha geniş yayılmasın. Ayaqüstə keçirəcəm deyib digər insanları da riskə atmaq olmaz. Nəzərə almaq lazımdır ki,  COVİD-19 pandemiyasının davamı var.  Pandemiya bitsə də Omicron ştamının variantları hələ ölməyib. Çox qarışıq durumdur. Maska taxmaq və bol maye qəbul etmək məsləhətdir. Həkim nəzarəti və təyinatı olmadan antibiotiklərdən qətiyyən istifadə etməsinlər. Çünki antibiotiklər immun sistemini zəiflədir”.

Professor yeni virusun Çindən başlamasını orada əhalinin sıxlığı ilə əlaqələndirib: “Dünyada virusların belə çox yayılmasının səbəbi əhali sıxlığına bağlıdır. Əhalinin çox olduğu ölkələrdə infeksiyalara yoluxma halları da artır. Biz bunu pandemiya dönəmində də müşahidə etdik”.

Qeyd edək ki, aşağıdakı tövsiyələrə də riayət etməklə özümüzü HMPV-dan qoruya bilərik:

Əlləri ən azı 20 saniyə sabunla yumaq; 

Yuyulmamış əllərlə gözə, buruna və ağıza toxunmamaq;

Xəstə insanlarla təmasdan çəkinmək;

Xəstə insanların fincanlarından, eləcə də qab-qaşıqlarından istifadə etməmək;

Qapı tutacaqlarını, eləcə də uşaqların ümumi oyuncaqlarını davamlı olaraq təmizləmək və tibbi spirtlə dezinfeksiya etmək.


08.01.2025 09:40
show 556