Aparıcı Yelena Sidorenko son müsahibəsində aparıcıların maaşı mövzusuna toxunub. Keçmiş illərdən danışan teleaparıcı o vaxt çox aşağı maaşa işlədiyini etiraf edib.
Maraqlıdır, bu gün vəziyyət necədir?
Tamaşaçılar adətən düşünür ki, aparıcıların imkanı çox yaxşıdır, onlar lüks həyat yaşayırlar.
Bəs görəsən, bu,həqiqətənmi belədir?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan tanınmış teleaparıcı Amil Xəlil bildirib ki, bu gün lüks həyat yaşayan teleapacılar kifayət qədərdir: "O vaxtkı dövrlə müqayisədə, təkcə aparıcıların deyil, müxbirlərin, operatorların, montajçıların da maaşı yüksəkdir.
Amma elə adamlar var ki, maaşdan çox çəkilişlərdən pul qazanırlar. O vaxt belə bir deyim var idi "müəllimlə həkimi xalq saxlayar", bu hal indi də davam edir. Yaxşılardan iraq, hələ də həkimlər pul verilərsə, götürürlər. Eyni hal müxbirlərlə də yaşanır.
Biz çəkilişlərə gedirik, hər hansı problemi işıqlandırırıq, bəzən həmin qəsəbənin və ya kəndin sakinləri öz aralarında yığışıb 20-30 manatdan toplayırlar, gətirib 200-300 manat vermək istəyirlər ki, şirinlikdir. Allah şahiddir ki, mən bu cür sakinlərdən heç vaxt pul götürməmişəm, pullarını özlərinə qaytarmışam.
Onlar buna təəccüblənirdilər ki, bu necə ola bilər, axı o gün filan məhləyə filan telekanalın əməkdaşları gəlmişdi, onlar pulu götürdülər, hətta dedilər azdır, məbləği artırın. Bu cür yollarla "qazanan" layihə rəhbərləri, aparıcılar yaxşı yaşayırlar.
İndi tək maaşdan yox, həm də bu cür yollarla qazanırlar. Məsələn, musiqili verilişdə heç kəsin tanımadığı gənc müğənni çağırılıb təriflənirsə, bu o deməkdir ki, aparıcı həmin müğənnidən ən azı 1000 manat alıb. Adını çəkmək istəmədiyim musiqili veriliş var, bu gün ora çıxmaq 2000-3000 manat arasındadır. Adam deyir ki, mənim qiymətim budur, bu pulu ona verən ifaçılar da var. Ona görə musiqi mədəniyyətimiz bu gündədir".
Amil Xəlilin sözlərinə görə, ölkəmizdə hətta otelləri, bir neçə villası olan aparıcılar da var: "Aparıcılar arasında lüks həyat yaşayanların olduğu hamıya bəllidir. O vaxt dövlət televiziyasında çalışan çox savadlı, təcrübəli aparıcılarımız vardı, 25-30 il televiziyada çalışmaqlarına baxmayaraq, birotaqlı evdə yaşayırdılar. Amma bu gün belə deyil, aparıcılar başqa yollarla da pul qazanırlar, lüks həyat yaşayırlar, hətta bəzilərinin otelləri, bir neçə villası, bağ evləri var. Bəzən hansısa rayona gedirsən, ucu-bucağı görünməyən villa ilə qarşılaşırsan. Rayon sakinləri deyir ki, filan xanım aparıcınındır.
Elə aparıcı var ki, toy məclislərinə gedir oradan qazanır. Hətta bəzən toy verilişi çəkməyə gedən aparıcı da toy yiyəsinə deyir ki, 1000 manat ver, toyun açılışını mən edim. Elə aparıcı var ki, Rusiyada 5 min manata "tamadalıq" edir. İnsanlarda da günah çoxdur, İQ səviyyəsi aşağı olan, iki cümləni ard-arda danışa bilməyən aparıcıları toylarına çağırırlar, halbuki həmin pulun yarısını şairlərə, qəzəlxanlara verib məclislərinə gətirtsələr, daha mənalı məclis keçər.
Sponsorların, müğənnilərin, sıravi vətəndaşların hesabına lüks həyat yaşayan teleaparıcılar kifayət qədərdir".