Vətəndaşın qeydiyyatı niyə ləğv olunur?
“Evimin sənədi yoxdur. Polisə qeydiyyata düşmüşdüm. Amma yeni
bilmişəm ki, qeydiyyatım ləğv olunub. Polisə müraciət etdim, oradan
bildirildi ki, qeydiyyata düşmək üçün yenidən məhkəməyə müraciət
etməliyəm, məhkəmə qərarından sonra qeydiyyata alına bilərik”. Bunu Bakı
sakini Müşfiq Əliyev bizimlə söhbətində bildirib. O, “Yeni Müsavat”a
müraciət edərək məsələnin aydınlaşdırılmasını istəyib. Bakı sakini əlavə
edib ki, məhkəmənin müsbət qərar verəcəyinə ümidi yoxdur.
Qeyd edək ki, son dövrlər sənədi olmayan mənzillərdə yaşayıb yerli polis
orqanlarında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasına dair
xəbərlər çoxalıb. Qeyd edilir ki, həmin şəxslərin şəxsiyyət vəsiqələri
də etibarsız sayılır.
Onu da diqqətə çatdıraq ki, əvvəllər daimi yaşayış yeri olmayan şəxslər
yerli polis idarələrində müvəqqəti qeydiyyata düşə bilirdilər və hər
hansı problemlə üzləşmirdilər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və
ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, həmin
şəxslər mütləq şəkildə ərazi üzrə polis orqanlarına məlumat
verməlidirlər: “Əgər onların qeydiyyat ünvanları yoxdursa, qeydiyyata
düşməli yerləri yoxdursa da müraciət etməlidirlər. Müraciətlərə baxılır.
Ümumiyyətlə, son vaxtlar yaşayış yeri üzrə, o cümlədən polisin inzibati
binalarına qeydiyyat və qeydiyyatdan çıxarma ilə bağlı sosial
şəbəkələrdə də aparılan müzakirələrdə bəzi vətəndaşlar bundan narahat
olduqlarını bildiriblər. Biz bununla bağlı bir neçə gün öncə da məlumat
yaymışdıq. İlk olaraq qeyd edim ki, bu məsələlərin həllində narahatlığa
heç bir əsas yoxdur. Çünki bu hüquqi prosedurlar yalnız qanunun
tələblərinə uyğun həyata keçirilir. Belə ki, "Yaşayış yeri və olduğu yer
üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu
maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq
müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü
ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə
müraciət etməlidir. Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu
müvəqqəti qeydiyyatdan çıxarır. Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında qanunvericiliyin pozulması isə İnzibati Xətalar
Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur".
Polis idarə və şöbələrinin inzibati binalarında müvəqqəti qeydiyyatda
olanların qeydiyyatdan çıxarılaraq daimi yaşayış yeri üzrə qeydiyyata
alınmalarına gəldikdə isə DİN rəsmisi deyib ki, bu hüquqi prosedur ilk
növbədə həmin şəxslərin özləri üçün vacibdir: “Bu baxımdan, 2000-ci
illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında
qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan
evlərdə yaşayan və bu kateqoriyadan digər şəxslər polisin inzibati
binalarında müvəqqəti qeydiyyata alınırdılar. Lakin ötən dövrdə həmin
şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya
mənzillərdə yaşasalar da polisin inzibati binalarından qeydiyyatdan
çıxmaq üçün subyektiv səbəblərdən müraciət etməmişlər. Ona görə də
qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan
qaldırmaq məqsədilə polisin inzibati binasında qeydiyyatda olan hər bir
şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış
yerinin olub-olmaması araşdırılmış və nəticələrindən asılı olaraq
qanunauyğun tədbirlər görülüb. Araşdırmaları zəruri edən daha bir səbəb
hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və
digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan
müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır.
O da qeyd edilməlidir ki, vətəndaş yalnız faktiki yaşayış yeri olduqda
və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata
alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan
çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır.
Hüquqi sənədi olmayan ünvanlarda yaşayan şəxslərin evlərinin
sənədləşdirilməsi barədə isə aidiyyəti dövlət orqanlarına müraciət etmək
tövsiyə olunur".