665554555a5d0202405244941

Vəfat edən sabiq nazir Dadaş Rzayev KİMDİR? - DOSYE

Azərbaycan Respublikasının sabiq müdafiə naziri Dadaş Rzayev vəfat edib.

General-mayor rütbəli Dadaş Rzayev 20 fevral 1993 – 17 iyun 1993-cü il tarixlərində müdafiə naziri postunu tutub. 

Qlobal.net Musavat.com-a istinadla Dadaş Rzayevin dosyesini təqdim edir. 

Dadaş Qərib oğlu Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan Dadaş Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılıb. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilib. İkinci kursda taqım komandirinin müavini təyin edilib. "Qızıl Ulduz" ordeni ilə təltif olunub.

O, Hərbi Hava Desantçıları Məktəbini bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilib. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş Rzayev polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirib.

O, Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edir. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M.F.Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirir. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən D.Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edir. D.Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general vəzifəsində çalışıb.

Azərbaycan hökumətinin çağırışı ilə D.Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışıb və həmin dövrdə ermənilərdən xeyli sayda silah-sursatın götürülməsinə nail olub. Elə həmin illərdə D.Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olub. 1991-ci ildə müdafiə nazirinin müavini təyin olunub.

Birinci ordu korpusunun komandiri olan D.Rzayevin Başkəndi ermənilərdən almaq qətiyyətinə o zamanlar heç kim inanmırdı. Hətta ona mane olmaq belə istəyirdilər. Avqustun 8-də ermənilərin əsas mövqelərini vurub hücuma keçirlər. Qısa müddət ərzində həyata keçirilən döyüş əməliyyatları nəticəsində Başkənd ermənilərdən alınır. Başkənd əməliyyatından sonra etiraz etməyinə baxmayaraq, müdafiə naziri təyin edilir.

O, Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edilib.

O, 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. Dadaş Rzayev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsini icra edirdi. 

21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib. 

 

28.05.2024 07:48
show 352