Günlərdir davam edən Vəfa Şərifova ilə Şəbnəm Tovuzlunun mahnı davasına sənət dostları səssiz qalmayıb və bir çoxu rəyini bildirib.
Qlobal.net xəbər verir ki, bu dəfə Xalq artisti Elnarə Abdullayeva və Əməkdar artist Könül Kərimova həmkarlarına səsləniblər.
“7 Tamam” verilişinin qonağı olan sənətkarlar mahnı mübahisəsini həmkarlarına yaraşdırmayıblar.
Elnarə Abdullayeva hər iki müğənniyə sözügedən mahnını oxumamağı məsləhət görüb:
“Mənim hər iki xanıma çox böyük hörmətim var. Onları çox istəyirəm. Onlar yanımızda uşaq kimidirlər. Bu mövzuda nə Vəfada, nə də Şəbnəmdə günah var. Bəlkə də bu fikrimə görə məni qınayacaqlar, amma düşünürəm ki, bütün günah o mahnını yazan insandadır.
Əgər mənə bir mahnı göndərməsələr, bir fərd olaraq nə mahnıdan xəbərim olar, nə də oxumağa cəhd göstərərəm.
Bu gün yetişən həvəskar bəstəkarlar, hər mahnıdan bir parça oğurlayıb ortaya çıxaranlar var, bütövlükdə günah onlardadır. Mən heç o bəstəkarı tanımıram.
İmanla, vicdanla, təqva ilə hərəkət edin, heç vaxt belə hərəkət etməyin! O insan kimdirsə, bilib ki, Vəfa ilə Şəbnəmin arasında problem yaşanıb. Bu, mənim şəxsi fikrimdir və fikrimdə də yayınan insan deyiləm. O adam mahnını həm Vəfaya, həm Şəbnəmə satıb, düşünüb ki, bəlkə birinci digəri oxuyar.
Vəfaya da, Şəbnəmə də ərk edib səslənirəm, heç biriniz o mahnını oxumayın! Başqa sənətlərdə həmkarlar bir-birinin ayağını yerə vermir.
Əgər bizlərə bir az hörmətiniz varsa, məni dinləyin. Sizin yerinizdə olsam, o mahnını oxumaram. Sən nə mahnısan ki, iki nəfəri bir-birinə vurmusan?! Görün, nə qədər mərdiməzar mahnıdır.
Bilsəm ki, eyni mahnını məndən başqasına da göndəriblər, o mahnıdan milyonlar qazanacağımı bilsəm də, oxumazdım. Qurana and olsun ki, oxumazdım! Belə musiqi olar?!
Qızlar özləri də bilmədən bir oyuna daxil olublar. Bunu nə Şəbnəmə, nə də Vəfaya yaraşdırmıram. O qızlar elə qızlar deyillər. Bir mahnıya görə dəyməz”.
Əməkdar artist Könül Kərimova də bu mübahisədə əsas günahkarın bəstəkar olduğunu qeyd edib: “Mən Elnarə xanımla razıyam. Günah bəstəkardadır. Hər ikisinə ərk edərək yanaşıram, xətirlərini çox istəyirəm. Onlar məsələyə çox aqressiya ilə yanaşırlar. Əgər söhbət musiqidən gedirsə, şəxsən mən bu qədər aqressiya ilə mövzuya yanaşmazdım. Qətiyyən o mahnıya yaxınlaşmazdım, oxumazdım! Qızlar, belə olmaz. Gərək heç biriniz mahnını oxumazdınız”.