vasif
Vasif Talıbov necə “görkəmli şəxsiyyət” oldu? - FOTOFAKT

Bu günlərdə vəzifəsindən istefa verən Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovla bağlı mövzu gündəmdən düşmür.

Ölkə mətbuatında və sosial şəbəkələrin Azərbaycan seqmentində onunla bağlı yeni faktlar ortaya çıxır, Naxçıvana rəhbərlik etdiyi 27 il ərzində yaratdığı reallıqlar müzakirə mövzusuna çevrilir, eybəcərliklər tənqid olunur.

Bu arada vəzifədə olduğu dövrdə "Naxçıvan xanı" kimi ad çıxarmış Vasif Talıbovun təfəkkür tərzini ortaya çıxaran daha bir fakt "Qafqazinfo"ya məlum olub.

Belə ki, Muxtar Respublikanın rəsmi saytında bu bölgənin görkəmli şəxsiyyətləri haqqında bölmə yer alıb. Həmin bölmədə Naxçıvanın Azərbaycana, dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətlərin siyahısı dərc olunub. 

Təbii olaraq, siyahıda ümumilli lider Heydər Əliyevin, onun həyat yoldaşı, görkəmli oftalmoloq Zərifə Əliyevanın və onların övladları, Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin də adı var. Həmin bölmədə bu adlardan sonra 4-cü şəxs kimi isə Vasif Talıbovun adı qeyd olunur.

Əcəmi Naxçıvani, Nəsrəddin Tusi, Cəmşid Naxçıvanski, Yusif Məmmədəliyev, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid kimi görkməli şəxsiyyətlər belə, siyahıda Vasif Talıbovdan sonra yer tuta bilib.

Yəqin ki, özünü süni şəkildə görkəmlilər sırasına daxil edən birinin dahiliyi də elə bu yazı dərc oluna qədər sürəcək. İnanaq ki, ən azı bu yazı dərc olunandan sonra siyahıya əl gəzdiriləcək və bu saxta görkəm aradan qaldırılacaq.

Mövzunu diqqətdə saxlayacağıq. Mövcud siyahı ilə buradan tanış ola bilərsiniz.

28.12.2022 11:41
show 2071