“Vasif Talıbov ərizəsində yazıb ki, mən gedirəm, bəlkə qayıtmadım”
“Gərək, Azərbaycan dövləti Vasif Talıbovun bu qədər ciddi
problemlər yaradacağını öncədən görəydi. Bu ölkənin hökuməti,
qanunverici orqanı, Prezident Administrasiyası var. Əgər yerlərdən
kifayət qədər ciddi siqnallar gəlirsə və bunu Prezident
Administrasiyasının ümumi şöbə müdiri yuxarılara ötürmürsə, eləcə də
bundan biznes qurursa, bu, çox ciddi bir problemdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.
Eks millət vəkili Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefa
ərizəsini yazmasıyla bağlı mediada dolaşan xəbərlərə, habelə Naxçıvanda
baş verən proseslərin yekunda nə ilə nəticələnəcəyi barədə səslənən
ehtimallara münasibət bildirib.
C. Nuriyevə görə, bu problemlər tək Naxçıvanla deyil, o cümlədən Azərbaycanın digər rayonlarında da var: “İcra başçılarının hər biri “monster”a çevrilib. Çox təəssüf ki, bu “monster” problemi də vaxtında həll olunmayıb.
Vasif Talıbov məsələsinin də bu boyda “şişməsində” günahkar təbii ki,
onun yanındakı adamlardır. Yadınızdadırsa, DTX-nın əməliyyatından sonra
Naxçıvan gömrüyündə 132, Maliyyə Nazirliyində isə 166 milyon manat
yeyinti ortaya çıxıb. Bunu nə gömrüyün şöbə müdiri, nə də maliyyə naziri
təkbaşına edə bilməz. Bu, birmənalı şəkildə Naxçıvan rəhbərliyi ilə
bağlıdır. Ümumiyyətlə, qanunvericiliyə qalsa, Naxçıvan Ali Məclisi də bu
məsələdə məsuliyyət daşıyır. Bildiyiniz kimi, Naxçıvan Ali Məclisi
qanunverici orqan kimi Milli Məclisə tabedir”.
Bu günə qədər bu məsələ müzakirə olunmamışdı deyən müsahibimiz əlavə edib: “Ancaq jurnalistlər səviyyəsində bu məsələlər müzakirə mövzusu idi. İndi
isə maşallah, deputatlarımızın hamısı şiri nər olub. Biri deyir, Vasif
Talıbov belə etdi, o biri deyir, əmlakı alınmalıdır, bu biri deyir, həbs
olunmalıdır və s. Yaxşı, siz o vaxtı Vasifi görəndə ona
yaltaqlanırdınız e, niyə onda biriniz demirdi ki, ay Vasif, sən bu
şeyləri səhv edirsən? Bizim millətdə ən pis şey odur ki, yıxılanı
baltalayırlar”.
“Onsuz da Vasif Talıbovdan Naxçıvan camaatın özü belə narazıdır. Çünki
Vasifin özü orada “monster” idi, özü üçün bir “dövlət” yaradıb. Hətta
naxçıvanlılar zarafatla deyir ki, oğlu Seymur o vaxtı deyirmiş ki,
“utanmırlar, atamın torpağında yaşayırlar, amma atamın üzünə ağ
olurlar”. Yəni Vasif Talıbov bu dərəcədə “şişmişdi”. İndi onun haqqında
nə deyirlərsə-desinlər, amma mənim məlumatıma görə, Vasif Talıbov istefa
ərizəsində deyib ki, mən gedirəm məzuniyyətə, bəlkə qayıtmadım. Bunun
yaxın ətrafından aldığım məlumat budur. Hələlik o, məzuniyyətə gedir və
ondan sonra ola bilər ki, istefa belə versin. Bu proses ən azı fevral
ayına qədər davam edə bilər”, – “Xan”ın istefasından söz açan
həmsöhbətimiz qeyd edib.
Mütəxəssisin fikrincə, V. Talıbov istefa verəcəyi təqdirdə onun yerinə kimin gəlməsi məsələsi də çox maraqlıdır: “Çünki Azərbaycanda Vasif Talıbovu Vasif Talıbov edən bir neçə dövlət
məmurları var ki, onlar da bu işdə məsuliyyət daşıyırlar. Tək onun
günahı deyil ki? Bilirsiniz, insan yerində olmayanda çaşır. Məsələn,
Akademiyanın Prezidenti İsa Həbibbəyli, yaxud digərləri. Mənim Vasif
Talıbovla heç bir problemim olmayıb, lakin onu görəndə adamı o qədər
tərifləyirdilər ki, kim olsa, çaşar. Açığı mən onu bu məsələdə
qınamıram, əksinə, onu bu vəziyyətə gətirənlər günahkardır. Adam çaşdı
ki, əgər bu boyda deputatlar, alimlər, ziyalılar məni belə tərifləyirsə,
deməli, mən həqiqətən qeyri-adi adamam”.
Milli Məclisin keçmiş üzvü iddia edib ki, bu məsələlərdə aranı Ramiz Mehdiyev qarışdırıb: “Ramiz Mehdiyevin özü getdi aranı qarışdırdı, hamı da düşdü Vasif
Talıbovun üstünə. Bütün bu bəlanın başında Ramiz Mehdiyev durur. Çünki o
getdi və onu əmin etdi ki, “səndən Prezident olar”. Adam da çaşdı da...
Mən də olsam, mən də çaşaram; kim olsa, çaşar. Bunlar da adamı
qızışdırıb, evini yıxdılar. İndi də hamısı başlayıblar elə danışmağa ki,
elə bil Vasifi görəndə, sözümə görə üzr istəyirəm, amma quyruğu
bükülmüş tulalar kimi duran bunlar deyildi. İndi deputatların hamısı
olub qəhrəman. Adə, qoymayın, Vasif Talıbov cinayətkardır, nə bilim, nə.
Ən böyük cinayətkar elə, nə isə, başını buraxın...”