Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə
əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirib.
Bu barədə Ombudsman Aparatından məluamt verilib.
Ombudsman tərəfindən beynəlxalq və milli hüquq normalarının
tələbləri əsasında keçirilən növbəti başçəkmə çərçivəsində bir çox
təqsirləndirilən şəxs, o cümlədən Azərbaycan-Ermənistan dövlət
sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilmiş
Vardanyan Ruben Karlenoviç də qəbul edilib.
03 oktyabr 2023-cü il tarixdə keçirilmiş başçəkmə zamanı
Vardanyan Ruben Karlenoviç Ombudsman tərəfindən fərdi qaydada
dinlənilib, müraciətləri yerində cavablandırılıb. Qanunvericilikdə
nəzərdə tutulmuş qaydada hüquqlarının təmin olunma vəziyyəti monitorinq
edilib.
O, saxlanma şəraitindən razılığını bildirib, ilkin tibbi
müayinədən də keçdiyini və səhhətində hər hansı bir problemi olmadığını
qeyd edib. Ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxanadan
istifadə və informasiyaya çatım imkanları təmin olunub. Eyni zamanda,
həbs edilmiş şəxsin istintaq dövründə hüquqlarının müdafiəsi ailəsinin
seçdiyi vəkil tərəfindən həyata keçirilir.
Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli
Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq
ekspertlərinin iştirak etdiyi başçəkmə çərçivəsində qəbuldan sonra ona
öz dilində qanunvericilik aktları, Ombudsmanın səlahiyyətləri və Çağrı
Mərkəzinə birbaşa müraciət imkanı ilə bağlı məlumatlandırıcı nəşrlər də
təqdim olunub.
Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi
gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində
araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir ayrı-seçkiliyə
yol verilmədən hüquqlarının, informasiyaya çatım imkanlarının, lazımi
tibbi-psixoloji xidmətin təmin olunduğu müəyyən edilib.