Yeni bir araşdırma insanların ürək problemləri yaşaya biləcəyinə dair mühüm bir əlamətin alın nahiyəsində göründüyünü ortaya çıxarıb. Alın qırışlarının təkcə yaşlanma əlaməti olmadığı, eyni zamanda ürək-damar xəstəlikləri (ÜDX) riskini göstərə biləcəyi müəyyən edilib.
Qlobal.net alın qırışlarının bilmədiyiniz tərəflərini təqdim edir:
Tədqiqatçılar müəyyən ediblər ki, yaşlarına nisbətən normadan daha dərin alın qırışları olan şəxslərin ürək-damar xəstəliyindən ölmə ehtimalı daha yüksəkdir. Alındakı qırışların dərinliyi ilə arteriya sərtliyi arasında əlaqə olduğu düşünülür. Araşdırmaya əsasən, alın nahiyəsindəki qan damarları daha həssas olduğu üçün damar sərtliyi məhz burada daha erkən görünə bilər.
Alın qırışlarının ürək xəstəlikləri ilə əlaqəsini araşdırmaq üçün genişmiqyaslı bir tədqiqat aparılıb. Araşdırmada iştirak edən insanların sağlamlıq vəziyyəti uzun müddət izlənilib və alın qırışları dərin olan şəxslərdə ÜDX səbəbindən ölüm riskinin daha yüksək olduğu müşahidə edilib. Mütəxəssislər qeyd edirlər ki, bu faktor digər ürək-damar risk faktorları ilə birlikdə nəzərə alınmalıdır.
Ürək xəstəliklərinin erkən aşkarlanması üçün mütəmadi tibbi müayinələrin vacibliyini vurğulayan tədqiqatçılar, alın qırışlarını həkimlərin nəzərə ala biləcəyi əlavə bir göstərici kimi qiymətləndirirlər. Bununla belə, təkcə alın qırışlarına əsaslanaraq diaqnoz qoymaq mümkün deyil. Digər risk faktorları, məsələn, yüksək qan təzyiqi, siqaret çəkmək və yüksək xolesterin səviyyəsi də nəzərə alınmalıdır.
Bu araşdırma gələcəkdə ürək xəstəliklərinin erkən diaqnostikasına töhfə verə bilər. Mütəxəssislər insanlara sağlam həyat tərzi keçirməyi, balanslı qidalanmağı və mütəmadi tibbi müayinələrdən keçməyi tövsiyə edirlər. (yenisabah.az)