photo_30506118
Ukrayna məsələsi dünyanı iki yerə bölür

Son günlər ABŞ və Rusiya arasında münasibətlər daha da gərginləşməkdədir. Siyasilər və ölkə rəhbərləri Ukrayna məsələsinə görə hətta bir-birlərini ittiham etməkdən belə çəkinmirlər.


Hətta BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Rusiyanı eskalasiaya səbəb ola biləcək addımlar atmaqdan çəkinməyə çağırıb. Bu barədə mətbuat konfransında Baş katibin köməkçisi məlumat verib. Pentaqonun nümayəndəsi Con Kirbi mətbuata deyib ki, Rusiya Ukraynaya hücum üçün bəhanə axtarır. O əlavə edib ki, Moskva bu addımı atmaq üçün xüsusi qruplar da hazırlayıb.


ABŞ Dövlət katibi Entoni Blinkenlə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell şənbə günü telefonla Ukrayna ətrafındakı vəziyyətlə bağlı müzakirələr aparıblar. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ABŞ diplomatiyasının rəhbəri Rusiyanın təcavüzü halında ciddi tədbirlər görüləcəyi barədə fikri təsdiqləyib.


SİTAT: “Tərəflər Ukraynada və onun ətrafında davam edən vəziyyətdən dərin narahatlıqlarını ifadə ediblər. Bununla bağlı Rusiya ordusuna cavab olaraq NATO müttəfiqləri və avropalı tərəfdaşları ilə yaxın koordinasiyanın əlaqəli şəkildə qurulmasını müzakirə ediblər. Blinken Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünün sürətli və ciddi nəticələrə gətirib çıxaracağını təsdiqləyib” - SİTATIN SONU


Ukrayna Təhlükəsizlik Xidmətinin istintaq idarəsinin keçmiş rəisi, general Vasili Vovk isə Rusiyanın Ukraynaya müdaxilə niyyətinin olmadığını bildirib. O qeyd edib ki, bu hal ümumiyyətlə mümkün deyil, çünki rus xalqı rəsmi Moskvanın bu addımını dəstəkləməz. Vovk müharibə bəyanatlarının tez-tez Qərb tərəfindən səsləndirilməsinə diqqət çəkib:


SİTAT: “Məsələn, dekabrın 24-dən 25-nə keçən gecə Ukraynaya hücum olacaqdı, nə oldu bəs? ABŞ rəsmiləri, xüsusən də dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Ukraynadakı hərəkətlərinə haqq qazandırmaq üçün bu cür bəyanatlarla vəziyyəti gərginləşdirir. “Niyə elə iynələyirlər? Ukraynanı silah və partlayıcı anbara çeviririk”. SİTATIN SONU


APA - məlumatına əsasən Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov öz “Facebook” səhifəsində yazıb ki, dialoq hələlik konkret nəticə verməyib və onun davamı alyans ölkələrinin Moskvanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə reaksiyasından asılıdır. Antonov əlavə edib ki, Rusiya dialoqu davam etdirməyə hazırdır. O həmçinin, bildirib ki, Ukraynadakı vəziyyət danışıqların gündəmində deyil, NATO-nun Brüsseldə keçirilən məsləhətləşmələrində yalnız ikinci dərəcəli mövzu kimi qeyd olunub. Rusiyalı diplomat Şimali Atlantika blokunun şərq istiqamətində davam edən irəliləyişini Rusiyanın milli təhlükəsizliyinə əsas təhdidlərdən biri adlandırıb.

17.01.2022 21:46
262