6396eebca1b4d202212220500
"Üç uşaq atası, narkoman biri qızımı aldatdı" - İntihar edən 18 yaşlı qızın ANASI DANIŞDI

"Mənim qızım günahsız bir mələk idi. Torpağa tapşırılmamış xəbər saytları onun haqqında yalan məlumatlar yazdılar. Qızımın 5 aylıq hamilə olduğu barədə şayiələr yaydılar. Biz məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləyirik. Qızım gül kimi bala idi. Sadəcə bir şərəfsizin onu aldatması bunlara səbəb oldu. O, qızımın ağlına girdi. Üç uşaq atası, narkoman biri qızımı aldatdı".

Bu sözləri BiG.AZ-a açıqlamasında Masallıda bir neçə gün əvvəl özünü yaşadığı binadan ataraq intihar edən 18 yaşlı Rüqayə Hüseynovanın anası Sevinc Cəfərova deyib.

O deyib ki, qızının 5 aylıq hamilə olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil:

"Həmin adamla telefonda danışıblar. Oğlan qızımın arxasınca düşüb, onu sevdiyini deyərək qəlbinə girib. Amma aralarında heç nə olmayıb. Bunu ekspertiza rəyi də təsdiq edəcək. Uşağım pak olub. Axşam saat 12-dən səhər saat 5-ə kimi övladım ekspertizada qalıb. Dırnağına qədər uşağım ekspertizadan keçirilib. Tər-təmiz məsum bir bala idi. Onun haqqında belə bir şayiənin yayılması düzgün deyil!

Bilmirəm, onun torpağa tapşırılmasına ağlayım, yoxsa onun haqqında belə şayiələri yığışdırım.

Qızım məktub yazıb qoymuşdu. Hadisə gözümüzün qabağında olub. Oğlan da həmin vaxt orada idi. Qız məktub qoyub, gedib intihar etməyə. Oğlana da zəng edib ki, intihar edirəm. Oğlan da onu tapıb evə gətirib. Həmin an o şəxs qızımı döymüşdü. Evə gələn kimi oğlanın yanında birbaşa balkona keçib özünü yerə atdı".

Qızın anası bildirib ki, həmin adam artıq saxlanılıb:

"Həmin adamın adı Cəsarətdir. Hazırda həbsdədir, barəsində cinayət işi açılıb. 11 ay ərzində qızımı aldadıb. Mənim bundan xəbərim olmayıb. Mən bunları son iki həftə ərzində bildim. Bundan sonra araşdırdım və hər şeyi öyrəndim. Qızıma evli olduğu halda deyib ki, subaydır. Bunu öyrəndikdən sonra qızıma dedim. Onda bildi ki, evlidir, ailəsi, uşaqları var.

Bundan sonra qızımla arasında mübahisə yaranıb və qızıma şərt qoyub ki, "məni istəyirsənsə, bunu sübut elə, özünü öldür". Balam da ölümü seçdi. Əvvəlcə özünü suya atmaq istəyib. Lakin oğlan onu oradan götürüb və qızı evimizə gətirib. Hər şey bir anın içində gözümün qabağında oldu. Polis də, prokurorluq da bilir ki, uşağımın ölümünün səbəbkarı odur. Cavabdehlik daşıyıram ki, balam tər-təmiz idi.

Övladım haqqında yalan məlumat yayan saytlar məhkəmə qarşısında cavab verəcəklər! Bilib-bilmədən yalan məlumatlar yaydılar. Axı mən anayam. Qızımın şəkillərini bütün sosial şəbəkələrdə yaydılar. Balamın ölüsünə niyə hörmətsizlik edirlər? O, gül kimi bala idi. Bu heç düzgün deyil! Çox xahiş edirəm ki, Rüqayənin haqqında yayılan şayiələrlə bağlı mənə dəstək olasınız".

12.12.2022 13:04
show 3725